Azərbaycan nümayəndə heyəti Əbu-Dabi Qran-prisinin “F-1 şəhərciyi”ndə olub
Xəbər verdiyimiz kimi, noyabrın 27-də “Formula-1” yarışlarının sonuncu 19-cu - Əbu-Dabi Qran-prisinə start verilib.

Gələn il Bakıda təşkil ediləcək Avropa Qran-prisinin təşkilatçı şirkəti olan “Bakı Şəhər Halqası”nın əməkdaşları və jurnalistlər Əbu-Dabidəki “Yas-Marina” avtodromunda yerləşən “F-1 şəhərciyi”ndə olublar.

Məkanda Birləşmiş Ərəb Əmirliklərinin tarixindən, adət-ənənəsindən və turizm potensialından bəhs edən pavilyonlar yer alıb. Həmçinin “F-1 şəhərciyi”ndə müxtəlif müsabiqə və oyunlar da təşkil olunur.

Azərbaycan nümayəndə heyəti pilotların yaşadığı və bolidlərin saxlandığı “Paddock Club”da da olub. Bu məkan dünyanın məşhur incəsənət və idman nümayəndələrinin ən sevimli məkanı hesabı edilir.

Turnirin ilk günündə hər biri iki pilotla təmsil olunan 10 komanda sərbəst yürüş yarışlarında qüvvəsini sınayıb. Birinci sərbəst yürüş yarışlarında “Mersedes”in pilotları Luis Hamilton və Niko Rosberq ilk iki pillənin sahibi olublar. “Ferrari”nin üzvü Kimi Raykkonen isə üçüncü pillədə qərarlaşıb. İkinci yarış da “Mersedes”in üstünlüyü ilə başa çatıb. Belə ki, N.Rosberq birinci, L.Hamilton ikinci olub. “Fors-India”nın sürücüsü Serxio Peres isə üçüncü yeri tutub.

Qeyd edə ki, turnirin təsnifat turları noyabrın 28-də, əsas yarış isə bir gün sonra keçiriləcək.

Xəbər 785 dəfə oxundu.