Orxan Səfərov: Qazandığım medala görə sevinirəm
Koreya Respublikasının Jeju şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışının birinci günü Orxan Səfərov üçün uğurlu olub. Cüdoçumuz mötəbər yarışın bürünc medalına sahib çıxıb. Səfərov yarışdan sonra turnirlə bağlı fikirlərini belə bölüşüb:

"Güləşməyim məni qane etmədi, amma yenə də qazandığım medala görə sevinirəm. Zədədən sonra medal uğrunda mübarizə aparmaq çox çətindir. Hələ də tam ideal formada deyiləm. Hamı bilir ki, 5 ay zədədən sonra qayıtmaq, güləşmək və medal qazanmaq çox çətindir, amma şükür bunu bacara bildim. İlqarnan görüşümüz çox gərgin keçdi. Məncə bizim üçün bu yaxşı amildir ki, 60 kiloqram çəkidə iki güclü idmançımız var. Bu da hər ikimizə daha yaxşı nəticələr göstərməyə stimul verir.

Zədədən sonra ilk təlim-məşq toplanışıma qatılacam. İnşallah zədəsiz başa vurarıq bu toplanışı. Məşqlərimiz yaxşı keçir, Monqolustandan sonra inşallah yarışlarda daha da yaxşı çıxış edəcəyik”-deyə O. Səfərov bildirib.

Xəbər 658 dəfə oxundu.