“Qəbələ” komandası səfərdə “PAOK” klubunun qonağı olub
Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Azərbaycanı təmsil edən “Qəbələ” komandası səfərdə Yunanıstanın “PAOK” klubunun qonağı olub.

Saloniki şəhərindəki “Tumba” stadionunda keçirilən oyunda “Qəbələ”nin heyətində Dmitri Bezotosnı, Voyislav Stankoviç, Rikardinyo, Arif Daşdəmirov, Rafael Santos, Rəşad Sadiqov, Aleksey Qay, Samir Zərgərov, Ermin Zets, Sergey Zenyov və Aleksey Antonov meydana çıxıblar.

Danimarkalı baş hakim Yakob Kehletin idarə etdiyi və qarşılıqlı hücumlar şəraitində keçən matçın birinci hissəsində hər iki komandanın hesabı açmaq üçün imkanları olsa da, birinci hissədə qapılara qol vurulmayıb. Birinci hissədə oyunda ən təhlükəli vəziyyəti “Qəbələ”nin heyətində Aleksey Antonov yaradıb. Onun 13-cü dəqiqədə uzaqdan zərbəsini “PAOK”un qapıçısı çətinliklə də olsa dəf edib.

İkinci hissədə daha sürətli oyun sərgiləyən komandalar qapılar qarşısında bir–birinin ardınca təhlükəli vəziyyətlər yaradıblar. Görüşün sonlarında qəbələlilərin heyətində Sergey Zenyovun, Ermin Zetsin və sonradan oyuna daxil olan Vaqif Cavadovun bir neçə epizodda hesabı açmaq cəhdlərinin qarşısını rəqib komandanın qapıçısı alıb.

Beləliklə, Avroliqanın qrup mərhələsinin beçinci turunda Yunanıstan komandası “PAOK”la səfər qarşılaşmasında 0:0 hesablı bərabərliyə nail olan Roman Qriqorçukun yetirmələri xallarının sayını 2-yə çatdırıb.

Hazırda “C” qrupunda keçirdiyi beş oyundan sonra iki xal toplayan Roman Qriqorçukun baş məşqçisi olduğu komanda sonuncu sırada qərarlaşıb. Bu gün Rusiyada keçirilən digər oyunda “Krasnodar” kollektivinə 0:1 hesabı ilə məğlub olmasına baxmayaraq hesabında 10 xal olan Almaniyanın “Borussiya” komandası qrupda ilk pillədəki yerini qoruyub. Bu matçdan sonra xallarının sayını 10-a çatdıran Rusiya klubu isə qrupda ikinci pilləyə yüksəlib. Hər iki komanda Avroliqanın növbəti mərhələsinə vəsiqə qazanıblar. “PAOK” isə 4 xalla qrupda üçüncü yerdə qərarlaşıb.

Avroliqada növbəti mərhələyə yüksəlmək imkanlarını itirən Azərbaycan çempionatının bürünc mükafatçısı qrupdakı son oyununda Bakıda Rusiyanın “Krasnodar” kollektivini qəbul edəcək. Görüş dekabrın 10-da keçiriləcək.

Xəbər 679 dəfə oxundu.