Elçin Cəfərov: Azərbaycanda güləşin kütləviliyinin artırılması əsas vəzifələrimizdən biridir
Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Elçin Cəfərov güləşçilərimizin beynəlxalq yarışlara, o cümlədən “Rio-2016” Olimpiya Oyunlarına hazırlığı, həmçinin ölkəmizdə idmanın bu növünün kütləviləşdirilməsi istiqamətində AGF tərəfindən görülən işlərlə bağlı sualları cavablandırıb.

- Elçin müəllim, güləşçilərimizin “Qızıl Qran-pri” turnirinin final mərhələsinə hazırlığını necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, artıq bütün yığma komandalar dünya çempionatından sonra ilin əsas yarışlarından biri kimi, Qran-pri turnirinə hazırlaşır. Bu turnir ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilir və Dünya Güləş Birliyi tərəfindən ənənəvi olaraq hər il dünya çempionatından sonra keçirilir.

Azərbaycan Güləş Federasiyası bu turnirin yüksək səviyyədə keçirilməsi, idmançıların və nümayəndə heyətlərinin üzvlərinin qəbul edilməsi və yola salınması və s. məsələlərə çox ciddi hazırlaşır. Qadınlar, sərbəst və yunan-Roma güləşi üzrə komandalarımız Federasiyanın təlim-məşq bazasında bu mühüm turnirə hazırlıqları davam etdirirlər. Hər üç komanda yarışlara olduqca ciddi hazırlaşır. Hansı idmançıların forma geyəcəyini yığma komandanın məşqçilər korpusu müəyyənləşdirəcək. Həm bizim, həm də yarışda iştirak edəcək komandaların heyətində dünyanın bir çox adlı-sanlı güləşçiləri bu turnirdə mübarizə aparacaqlar.

Bizim komandanın heyətində hazırda heç bir problem yoxdur. İdmançılarımızın hazırlığı yaxşıdır, onlar özlərini əla hiss edirlər. Gündə iki dəfə məşq edirlər. Yığma komandanın bütün üzvləri federasiya rəhbərliyinin diqqət mərkəzindədir. İnanırıq ki, güləşçilərimiz bu yarışda da öz məharətlərini göstərəcəklər.

- Qarşıda “Rio-2016”ya lisenziya xarakterli yarışlar keçiriləcək. Milli komandalarımızın həmin yarışlara hazırlığı barədə nə deyə bilərsiniz? Bildiyimiz kimi, güləşçilərimizimiz 11 lisenziya qazanıblar. Lisenziyaların sayının artacağına ümid varmı?

- Federasiya rəhbərliyinin əsas tələbi odur ki, yığma komandalarımız Olimpiya Oyunları üçün 18 lisenziya qazansın. Siz doğru qeyd etdiniz ki, Azərbaycan güləşçiləri “Rio-2016”ya 11 lisenziya qazanıblar. Hazırda idmançılarımız digər 7 çəki dərəcəsi üzrə lisenziyalar qazanmağı qarşıya məqsəd qoyublar. Belə ki, qadın atletlərimiz üç, sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın hər biri isə iki çəki dərəcəsi üzrə lisenziyalar qazanmaq əzmindədir. İdmançılarımız da bu məsuliyyəti dərk edirlər. Ona görə də qarşıdakı turnirdə daha yaxşı formada olan idmançılara şans veriləcək.

Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov və birinci vitse-prezident Namiq Əliyev güləşçilərimizin hazırlığını diqqət mərkəzində saxlayırlar. Qran-pri turnirinə Azərbaycan güləşçiləri ilə yanaşı, bir neçə ölkənin yığma komandalarının üzvləri də birgə hazırlaşırlar. Bunu Olimpiya Oyunlarına, Qran-pri və lisenziya xarakterli digər mühüm turnirlərə hazırlığın bir mərhələsi kimi qiymətləndirmək lazımdır. Hazırda yığma komandamız ABŞ-ın yunan-Roma güləşçiləri ilə təlim-məşq toplanışındadır. Gürcüstandan da bir neçə sərbəst güləşçi dəvət olunub. Qadınlardan ibarət yığma komandamız isə Ukrayna və Qazaxıstan milliləri ilə birgə hazırlıqları davam etdirir. Bu proses Olimpiya Oyunlarına qədər davam edəcək.

Artıq Olimpiya Oyunlarına 8-9 ay vaxt qalıb. Bu müddət belə mötəbər idman yarışına hazırlıq baxımından çox qısadır. Hər bir idmançı, məşqçi bunun məsuliyyətini dərindən dərk edir. İdmançılarımız qarşılarına qoyulan məqsədi uğurlu çıxışları, medalları ilə doğrultmalıdırlar. Federasiya rəhbərliyi Olimpiya Oyunlarında ölkəmizin idman şərəfini qorumaq üçün yaxşı formada olan, lisenziya xarakterli turnirlərdə uğurla çıxış edən idmançılara etimad göstərəcək. Belə demək mümkünsə, Olimpiya Oyunlarında iştirak etmək hər bir güləşçinin özündən asılıdır. İdmançılar da bunu yaxşı bilirlər və ona görə də çox ciddi hazırlaşırlar.

- Güləşçilərimizin qarşıdakı yarışlara hazırlığı üçün hansı planlar hazırlanıb?

- Azərbaycan idmançıları noyabrın 27-dən 29-dək Bakıda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq “Qızıl Qran-pri” turniri, dekabrın 22-dən 27-dək ölkə çempionatında qüvvələrini sınayacaqlar. Artıq 2016-cı ilin təqvim planı da hazırdır. Bu plan Dünya Güləş Birliyinin təqvim planına uyğunlaşdırılıb. Həmin plana əsasən, güləşçilərimiz 2016-cı ildə nəzərdə tutulmuş beynəlxalq turnirlərdə və təlim-məşq toplanışlarında iştirakı davam etdirəcəklər.

- Ölkəmizdə güləşin kütləviləşməsi istiqamətində Azərbaycan Güləş Federasiyası tərəfindən hansı tədbirlər görülür?

- Bu məsələ Federasiya rəhbərliyinin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu yaxınlarda “Gələcəyin Olimpiyaçıları” devizi altında keçirilən komanda yarışını xüsusi qeyd etmək istərdim. Bu yarış yeniyetmələr arasında keçirilir. Yarış Azərbaycan Güləş Federasiyasının klubları arasında idmanın bu növünün daha da kütləviləşməsi, inkişafı istiqamətində atılan əsas addımlardan biridir. Belə yarışların siyahısına, həmçinin Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunan yeniyetmələr arasında beynəlxalq turniri, gənclər arasında “Hünər meydanı” turnirini də aid etmək olar. Belə yarışlar Azərbaycan Güləş Federasiyasının rəhbərliyinin idmanın bu növünün ölkəmizdə inkişaf etdirilməsi istiqamətində atdığı atımların göstəricisidir. Belə turnirlər regionlarda da, o cümlədən Gəncədə, Mingəçevirdə, Masallıda, Naxçıvanda keçirilir. Çalışırıq ki, bütün regionlarda böyüməkdə olan gənc nəsil güləşlə məşğul olsun, onlar sağlam böyüsün, Namiq Abdullayev, Fərid Mansurov, Rövşən Bayramov, Toğrul Əsgərov, Şərif Şərifov, Mariya Stadnik kimi ölkəmizin idman şərəfini daim uca tutsunlar.

Yeniyetmələrdən və gənclərdən ibarət komandalar da formalaşıb. Məşqçilər korpusu keçirilən yarışlarda, turnirlərdə yığma komandanın əsas heyətini müəyyənləşdirib və 2016-cı ildə bu idmançılar da Avropa və dünya birinciliklərində ölkəmizin idman şərəfini qoruyacaqlar.

- Xetaq Qazyumov və Şərif Şərifov eyni çəki dərəcəsində mübarizə aparırlar. “Rio-2016” Olimpiya Oyunlarında onlardan hansının iştirak etmək şansı daha böyükdü?

- Belə prinsipial məsələlər əlbəttə ki, hər bir çəki dərəcəsində ola bilər. Təbii ki, Xetaq dünya çempionatının mükafatçısı kimi Olimpiya Oyunlarına lisenziya qazanıb. Şərif də 84 kiloqram çəki dərəcəsində Olimpiya çempionudur. Bu lisenziya Azərbaycana məxsusdur və yığma komandanın hansı üzvü daha yaxşı formada olsa, məşqçilər korpusu ona etibar edəcək. Hələ bunun üçün kifayət qədər vaxt var. İdmançılar bir neçə sınaq turnirində, yarışda, Avropa çempionatında öz sözlərini deyəcəklər. Hər bir idmançı Olimpiya Oyunlarına vəsiqəyə iddialı olduğunu həm təlim-məşq toplanışlarında, həm də yarışlarda göstərməlidir. Bu, o demək deyil ki, idmançı bir il bundan əvvəl lisenziya aldığı üçün daha heç nə etməməlidir. Yığma komandanın bütün üzvləri hər an hər bir yarışda iştirak etməyə hazır olmalıdır. Bu məsələləri məşqçilər korpusu müəyyənləşdirəcək. Bu barədə son qərarı isə təbii ki, federasiya rəhbərliyi verəcək.

- Elçin müəllim, müsahibə üçün təşəkkür edir, bütün idmançılarımıza, o cümlədən güləşçilərimizə qarşıdakı yarışlarda uğurlar arzulayırıq.

- Təşəkkür edirəm, çox sağ olun.

AZƏRTAC

Xəbər 716 dəfə oxundu.