Bakıda Qolden Qran-pri güləşi üzrə turnir statusuna görə dünya çempionatına yaxındır
Bakıda idman güləşi üzrə nüfuzlu beynəlxalq Qolden Qran-pri turniri statusuna və iştirakçılarının tərkibinə görə dünya çempionatı səviyyəsinə yaxındır. Bunu Olimpiya və dünya çempionu Natalya Vorobyova bəyan edib.

Natalya 2012-ci ildə London Olimpiadasında 75 kiloqrama qədər çəki dərəcəsində qalib gəlib, 2015-ci ildə Las-Veqasda dünya çempionatında 72 kiloqramadək çəki dərəcəsində qızıl medal qazanıb.

Bakıdakı yarışlar noyabrın 27-29-da keçiriləcək. Qadın güləşçilər medallar uğrunda noyabrın 28-də mübarizə aparacaqlar.

Rusiyalı idmançı deyib: “Bakı turniri səviyyəsinə görə 70 faiz dünya çempionatına yaxındır, çünki çox güclü güləşçilər toplaşıb. Mənim həmişə yalnız bir vəzifəm var. Fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq. Amma Bakı turnirində əsas məsələ sadəcə güləşmək, hazırlıq səviyyəmi yoxlamaq, rəqiblərimi hiss etməkdir”.

İdmançı bildirib ki, dekabrın 10-11-də Novoçeboksarskda keçiriləcək Rusiyanın açıq çempionatında iştirak etməyi planlaşdırır.

Bakıda Rusiya güləşçilərindən Valentina İslamova (48 kq), Mariya Qurova (53 kq), Mariya Lyulkova (58 kq), Valentina Lazinskaya (63 kq) və Yekaterina Bukina (75 kq) da mübarizə aparacaqlar.

Xəbər 711 dəfə oxundu.