"Türk Hava Yolları" şirkətinin Bakı ofisinin rəhbəri "Neftçi"nin qonağı olub
Dünyanın məşhur hava yolları şirkətlərindən sayılan “Türk Hava Yolları” (THY) şirkətinin Bakı ofisinin rəhbəri Seyfullah İlyas bu gün “Neftçi” PFK-nın qonağı olub. Klubun inzibati binasında baş tutmuş görüşdə İcraçı direktor Elnur Məmmədov və Seyfullah İlyas gələcək əməkdaşlıq planlarından danışıblar.

Görüşün sonunda türkiyəli qonağa “Neftçi” PFK-nın forması hədiyyə edilib. Seyfullah İlyas öz növbəsndə üzərində “Türk Hava Yolları” (THY) şirkətinin adı yazılmış simvolik hədiyyəni kluba təqdim edib.

Qeyd edək ki, “Türk Hava Yolları” (THY) şirkəti 5 dəfə Avropa qitəsinin ən yaxşı hava yolları şirkəti mükafatını qazanıb. Hazırda şirkət 110 ölkənin 277 nöqtəsinə uçuşlar təşkil edir. İspaniyanın “Barselona”, İngiltərənin “Mançester Yunayted”, Ukraynanın “Şaxtyor” kimi məşhur klublarına sponsorluq etmiş “Türk Hava Yolları” şirkəti, hazırda Almaniyanın “Borussiya” (Dortmund) və Fransanın “Marsel” kimi məşhur klubları ilə əməkdaşlıq edir.

Şirkət Türkiyənin 4 böyük klubu - “Qalatasaray”, “Beşiktaş”, “Fənərbağça” və “Trabzonspor”la da əməkdaşlıq edir. Məşhur aviaşirkət basketbol üzrə Avropa qitəsinin ən nüfuzlu klub turniri olan Avroliqanın da rəsmi sponsorudur.

Xəbər 997 dəfə oxundu.