“Qəbələ”nin yubiley qolunu Lyubo Baranin vurdu
7-ci dəfədir təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən “Qəbələ”, hazırlıqlarını başa vuraraq dünən vətənə qayıtdı. İdman.com.az saytı xəbər verir ki, “qara-qırmızılar” əvvəlcədən planlaşdırıldığı kimi qonşu ölkədə 5 yoxlama matçı keçirdi.
Fateh Kavlakın komandası 1-i oyunsonrası penaltilər seriyasında olmaqla 3 qələbə qazanaraq 2 dəfə meydanı məğlubiyyətlə tərk etdi.

Klubun tarixinə nəzər yetirsək, avrokuboklar və Birlik kubokunda oynamamasına rəğmən, “Qəbələ”nin kifayət qədər beynəlxalq oyun keçirdiyini görərik. Bunlar da əsasən məhz xaricdə baş tutan təlim-məşq toplanışlarında gerçəkləşib. Bir dəfə İngiltərə, digər hallarda, elə indiki kimi Antalyaya üz tutan “Qəbələ”, bu hazırlıq çərçivəsində 33 beynəlxalq matç keçirib. Həmin toplanışlarda xaricilərlə 33 matçdan başqa “Neftçi” ilə 2 dəfə üz-üzə gəlib. 2009-cu ilin yayındakı matçlarda bakılılar üstün olublar – 1:1 və 0:2.

Beynəlxalq oyunlara gəlincə isə Türkiyədəki 28, İngiltərədəki 5 matçla yanaşı Qəbələdə də 2 belə oyun baş tutub. Bunlar ötən yay təşkil olunan “Jalə” kuboku turnirində gerçəkləşib.

Komanda ən çox Türkiyə təmsilçiləri ilə görüşüb – 9 dəfə. Bu oyunlarda 5 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət qeydə alınıb. Top fərqi 16:4-dür. İngiltərə toplanışında yerli komandalarla 5 qarşılaşmada isə 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət yaşanıb. Top fərqi 8:6-dı.

4 dəfə qarşılaşdığı Cənubi Koreya təmsilçiləri isə “Qəbələ” üçün münasib rəqib deyil. 3 dəfə uduzub, 1 dəfə məğlub edilən asiyalılar top fərqində də üstündür – 4:7. Rusiyalılarla 3 matçda isə “Qəbələ” məğlubiyyət görməyib: 1 qələbə və 2 heç-heçə, top fərqi - 4:3. Builki toplanışda 2 Ukrayna klubunu sınağa çəkən komanda bu ölkə təmsilçiləri ilə oyunların sayını da 3-ə çatdırıb. Ukraynalılarla görüşlərdə 1 qələbə və 2 məğlubiyyəti olan qəbələlilər top fərqində geridədir – 4:5.

Qəbələ futbolçuları ən azı 3 dəfə görüşdüyü bu 5 ölkə təmsilçilərindən başqa Gürcüstan, İran, Qazaxıstan və Xorvatiyanın hərəsindən 2 komanda ilə üz-üzə gəlib. Sonuncu 2 ölkə ilə 2-ci matç məhz son toplanışa təsadüf edib. Ötən ay sınağa çəkilən “Vitorul Konstanta” isə “Qəbələ” ilə qarşılaşan ilk Rumıniya klubu kimi tarixə düşdü. Komandanın əvvəllər Anqola və Polşadan olan 1 klubla da qarşılaşdığını nəzərə alsaq “Qəbələ” ümumilikdə 12 ölkə təmsilçiləri ilə 35 oyun keçirib.

Bu matçlarda oyunsonrası penaltilər seriyası da nəzərə alınmaqla 16 qələbəsi olan komanda 6 heç-heçə edib və 13 dəfə uduzub. Top fərqində də üstünlük hiss olunur – 50:38. Bu isə o deməkdir ki, yeni başa çatan toplanışda vurulan son qol beynəlxalq matçlardakı yubiley qoludur. Həmin - əcnəbilərin qapısına vurulan 50-ci topu isə Xorvatiya “Split”inin qapısından Lyubo Baranin keçirib.

Xəbər 1146 dəfə oxundu.