"Qəbələ" Yunanıstanda “Paok”un qonağı olacaq
Futbol üzrə Avropa Liqasının qrup mərhələsində "Qəbələ" Yunanıstanda “Paok”un qonağı olacaq.

Bu görüş "qırmızı-qaralar" üçün böyük əhəmiyyət kəsb edir. Hələ minimal da olsa növbəti mərhələ şansını saxlayan Roman Qriqorçukun başçılıq etdiyi komanda səfərdə mütləq PAOK üzərində qələbə qazanmalıdır. Dortmundun "Borussiya" və Rusiyanın "Krasnodar" komandalarının görüşündə Alman təmsilçisi qələbə qazanarsa, "qırmızı-qaralar" qrup üçüncüsü olacaq. Sonuncu turda isə “Qəbələ” Bakıda ikinci pillədə qərarlaşan "Krasnodar"a hətta minimal hesabla qalib gəlməklə, qrup ikincisi kimi mərhələyə yekun vura bilər.

Heyətdə Fakundo Pereyra və Dodonun yoxluğu, eləcə də, Dmitri Bezotosnı, Sergey Zenyov və Ermin Zetsin zədədən yeni qayıtmaları Qriqorçukun işini çətinləşdirib.

“PAOK” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan) matçını danimarkalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Yakob Kehletdir.

Saloniki şəhərinin “Tumba” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Xəbər 736 dəfə oxundu.