Roman Qriqorçukun mətbuat konfransı keçirilib
UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun PAOK (Yunanıstan) – “Qəbələ” oyunundan əvvəl “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:

“PAOK-la qarşılaşmada komandamdan ideal futbol gözləyirəm. Bu, gözəl oyun və qələbə deməkdir. Mən hansısa seriya barəsində danışmağı xoşlamıram. Amma istərdim ki, Yunanıstan klubları ilə matçlardakı məğlubiyyətsizlik seriyasını qoruyub saxlayaq. Bu oyuna böyük istəklə yanaşırıq. Bu, PAOK-un hansı vəziyyətdə olmasından asılı deyil. Biz qələbə qazanacağımıza inanırıq. Zədəli oyunçularımızın da vəziyyəti yaxşıdır. Dododan başqa hamısı məşq edir. Nəzərə almaq lazımdır ki, zədəli oyunçular 2-3 həftəlik fasilədən sonra məşqə başladığından optimal formada deyillər. Amma Yunanıstandakı qarşılaşmada risk edib, bəzilərinə şans verəcəyik”.

Qriqorçuk 1/16 final şanslarını dəyərləndirib: “Qrupun digər matçında “Borussiya” “Krasnodar”la qarşılaşacaq və bizim oyuna qədər həmin görüşün nəticəsini biləcəyik. Əgər Almaniya klubu qalib gəlsə, bizim üçün də daha yaxşı olacaq. Onda biləcəyik ki, hər şey öz əlimizdədir. Onda növbəti mərhələyə kimin yüksələcəyinə son turda aydınlıq gələcək. Bu yarış bizə böyük təcrübə qazandırdı. Özümüzü sınadıq, daha da irəli getmək və inkişaf etmək mənasında çox məlumat qazandıq. Həm də qrup mərhələsi bizə sevinc bəxş etdi. 1/16 finala çıxmaq üçün də əlimizdən gələni edəcəyik. Çox istərdik ki, bunun öhdəsindən bu mövsüm gələk. Eyni nəticəni həm özümüzə, həm də “Qarabağ”a arzulayıram. Bu, Azərbaycan futbolunun nüfuzunu artırır. Amma lazımsız xal itkilərinə yol verdik sabahkı oyunların nəticəsi istədiyimiz kimi olması və növbəti mərhələyə vəsiqənin taleyini öz meydanımızda həll etməyimiz üçün şans yaranmasını arzulayıram”.

Xəbər 687 dəfə oxundu.