FİFA komitəsi Mişel Platinini futboldan ömürlük uzaqlaşdırmağı tələb edir
FİFA-nın etika üzrə komitəsi UEFA-nın başçısı Mişel Platinini futboldan ömürlük uzaqlaşdırmağı tələb edir. Bunu Platininin vəkili Tibo Dale bildirib.

İsveçrənin Federal Ədliyyə Bürosu sentyabrın 25-də FİFA-nın prezidenti Yozef Blatterə qarşı araşdırmalara başlayıb. O, 2011-ci ildə Mişel Platininin hesabına qanunsuz olaraq 2 milyon İsveçrə frankı köçürməkdə şübhəli bilinir. Fransız isə bu pulların tam qanuni şəkildə köçürüldüyünü bildirir. Oktyabrın əvvəlində FİFA-nın etika üzrə komitəsi Blatter və Platinini 90 gün müddətinə futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırıb.

FİFA-nın apelyasiya komitəsi Blatter və Platininin bununla bağlı şikayətlərini rədd etdikdən sonra onların hər ikisi Lozandakı İdman Arbitraj Məhkəməsinə şikayət edəcəklərini bildirib. Platini isə rəsmi olaraq apelyasiya müraciəti edib. Bir qədər əvvəl KİV-lər FİFA-nın Blatter və Platininin uzun müddət diskvalifikasiya olunması barədə qərarını ilin sonunadək elan edəcəyi barədə məlumatlar yayıb. Onların futboldan 6 il müddətinə qədər uzaqlaşdırılacağı gözlənilir.

Xatırladaq ki, 1998-ci ildən FİFA-ya rəhbərlik edən Yozef Blatter bu il mayın 29-da yenidən bu posta seçilsə də, iyunun 2-də qurumda baş verən korrupsiya qalmaqalı fonunda istefa verməyə məcbur olub. FİFA-nın yeni başçısının seçilməsi üçün seçkilər isə 2016-cı ilin fevral ayında keçirilməlidir. Seçkilərdə iştirak etmək istəyən Platini barəsində diskvalifikasiya qərarının uzadılacağı təqdirdə bu imkandan məhrum olacaq.

FİFA-nın Arbitraj Palatası noyabrın 23-də Blatter və Platini ilə bağlı araşdırmalara başlayıb.

Xəbər 675 dəfə oxundu.