Bu gün Çempionlar Liqasında V turun oyunlarına start veriləcək
Bu gün futbol üzrə Çempionlar Liqasında V turun oyunlarına start veriləcək.

İlk oyun günündə dörd qrupda səkkiz qarşılaşma oynanılacaq.

“E” qrupunun ilk matçında Belarusun BATE komandası evdə Almaniyanın “Bayer” klubunu qonaq edəcək. Bu qarşılaşmanın qalibi turnir cədvəlinin ikinci pilləsində qərarlaşa bilər. Bunun üçün paralel keçirilən görüşdə “Barselona” “Roma” komandasını büdrətməyi bacarmalıdır. Heç-heçə Luis Enrikenin baş məşqçisi olduğu “Barselona”ya səkkizdəbir finala vəsiqəni təmin edəcək.

“F” qrupunda üz-üzə gələcək Münxenin "Bavariya" klubu ilə Yunanıstan “Olimpiakos”una hərəyə bir xal belə kifayət edəcək. Bununla hər iki komanda səkkizdəbir finala vəsiqəni təmin etmiş olacaq. İngiltərə “Arsenal”ı ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası arasındakı qarşılaşma yalnız Avroliqaya vəsiqə baxımından önəm daşıyacaq.

Turnirdə “G” qrupunda da hələ heç bir komanda növbəti mərhələyə vəsiqəni təmin etməyib. Qrup lideri "Portu" Portuqaliyada Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə heç-heçə etsə, növbəti mərhələyə vəsiqəni təmin edəcək. Qrup ikincisi olan "Çelsi" İsrailin Hayfa şəhərində autsayder "Makkabi" ilə münasibətlərə aydınlıq gətirəcək.

“H” qrupunun lideri “Zenit” artıq növbəti mərhələyə vəsiqəni sığortalayıb. İspaniyanın “Valensiya” komandası Sankt-Peterburqda qələbə qazana bilsə, qrup ikincisi kimi mövqeyini möhkəmləndirəcək. Bu halda, Fransada "Lion"la Belçika Gent"i arasındakı oyun mübarizəni Avroliqada davam etdirmək baxımından əhəmiyyətli olacaq.

Xəbər 699 dəfə oxundu.