“Qəbələ” komandası PAOK ilə oyunun hazırlığına start verib
“Qəbələ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun PAOK ilə (Saloniki, Yunanıstan) oyununun hazırlıqlarına start verib. Topaz Premyer Liqasının XIII turunun noyabrın 21-də “Sumqayıt”la səfər matçından sonra məşqlərinə bir günlük fasilə verən “Qəbələ” hazırlıqlarını bərpa edib.

Komanda ötən gün Qəbələdə məşq keçib. Son görüşdə iştirak edən futbolçular fiziki hazırlıqla kifayətlənibsə, digər oyunçular topla məşq ediblər. Bu gün “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda növbəti məşqinə çıxacaq.

“Qəbələ” noyabrın 25-də Salonikiyə yollanacaq. Oyunöncəsi son məşq də qarşılaşmanın keçiriləcəyi arenada baş tutacaq.

Xatırladaq ki, qrupda son səfər oyununa çıxacaq komandamızın PAOK ilə noyabrın 26-da keçiriləcək qarşılaşması Bakı vaxtı ilə saat 00:05-də başlayacaq. Oyunu danimarkalı hakimlər briqadası idarə edəcək.

Xəbər 746 dəfə oxundu.