Boyanka Kostova qadın ağır atletika tariximizdə ilk dünya çempionu oldu
Noyabrın 20-28-də ABŞ Hyuston şəhərində keçiriləcək ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatında növbəti yarış günüdür. Qadınların mübarizəsində 58 kq çəki dərəcəsində Azərbaycan milli komandasının üzvü olan Boyanka Kostova da çıxış edib.

Birdən qaldırma hərəkətində Boyanka ilk yanaşmasında 109 kq sifariş verib. Bu, onun özünə məxsus olan Avropa rekordunun təkrarı demək idi. Atletimiz bu çəkinin öhdəsindən ikinci yanaşmasında gəlib. Üçüncü cəhdində isə Kostova 112 kq-ı başı üzərinə qaldırıb. Bu, isə yeni dünya rekordu deməkdir. Əvvəlki rekord – 111 kq – çinli Çen Yanqinqə məxsus idi və 2006-cı ildə yenilənmişdi. Eyni zamanda, Kostova həm də Avropa rekordunu yeniləmiş oldu.

Təkanla qaldırma hərəkətinə Kostova 136 kq-ı rahat ram etməklə başladı. Bu, toplamda 248 kq demək idi ki, bu da onun özünə məxsus Avropa rekordunun – 246 kq – yenilənməsi demək idi. İkinci yanaşmada 140 kq sifarişi gəldi. Bu, toplamda 252 kq demək idi ki, yenə də Çen Yanqinqə məxsus olan və 2006-cı ildə yenilənən 251 kq-lıq rekordun təzələnməsi idi. Boyanka əzmkarlıq nümayiş etdirərək bu vəzifənin öhdəsindən üçüncü yanaşmada gəldi. Üstəlik, bu yanaşma həm təkanla qaldırma, həm də toplamda Avropa rekordunun yenilənməsi idi.

Belədə, toplam 252 kq (112+140) nəticə ilə Boyanka Kostova Azərbaycan qadın ağır atletikası tarixində ilk dünya çempionu adını qazandı. O, bunu 6 rekord – 2 dünya və 4 Avropa rekordu ilə birlikdə qazandı.

Xəbər 864 dəfə oxundu.