Firudin Quliyev təkanla qaldırmada dünya ikincisi oldu
Noyabrın 20-28-də ABŞ Hyuston şəhərində keçiriləcək ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatında növbəti yarış günüdür. Corc Braun Konfrans Mərkəzinin Yarış zalında kişilər 69 kq çəki dərəcəsində medal mübarizəsinə qoşulublar. Onların içərisində Azərbaycan millisinin üzvü, “Goranboy-Zirvə” təmsilçisi Firudin Quliyev də var.

Atletimiz birdən qaldırma hərəkətində uğursuz çıxış edib. Firudin ilk iki yanaşmada 142 kq-ı ram edə bilməyib. Ancaq sonuncu yanaşmada toparlanaraq 143 kq-ı başı üzərinə qaldırmağı bacarıb.

Təkanla qaldırma hərəkətində Quliyev daha yaxşı çıxış edib. O, üç yanaşmasında ən çox 188 kq-ın öhdəsindən gəlib. Bununla o, təkanla qaldırmada dünya çempionatının gümüş medalına sahib çıxa bilib.

Toplam 331 kq (143+188) nəticə göstərən atletimiz yekun sıralamada 6-cı yeri tutub.

Əlavə edək ki, Firudin Quliyev yeniyetmələr və gənclər arasında Avropa çempionu və rekordçusu, gənclər arasında dünya çempionatının bürünc mükafatçısı, Kazan Universiadasının qalibi, böyüklər arasında dünya çempionatının bürünc mükafatçısı, rekordçu, dəfələrlə Azərbaycan çempionu, “Zirvə” Beynəlxalq İdman Klubunun Kubok və Final yarışlarının qalibi və mükafatçısıdır.

Xəbər 824 dəfə oxundu.