İndoneziyanın səfiri Azərbaycan karateçiləri ilə görüşüb
İndoneziyanın Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri Prayano Atiyanto Cakartada yeniyetmə və gənclərin 9-cu dünya çempionatından 3 gümüş və 1 bürünc medalla dönən azərbaycan idmançılarını və federasiya rəhbərliyini qəbul edib.

Görüşdə yarışboyu nəticələri izlədiyini söyləyən səfir, bu nəaliyyət münasibəti ilə karateçilərimizi təbrik edib, onlara qarşıdakı yarışlarda yeni zəfərlər arzulayıb. P.Atiyanto həmçinin İndoneziya və Azərbaycan idmançıları arasında təcrübə mübadiləsinin aparılması üçün mümkün dəstəyə hazır olduğunu bildirib.

Səfərdən məmnun qaldıqlarını qeyd edən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov səmimi qəbula görə Prayanto Atiyantoya minnətdarlığını ifadə edib. Azərbaycan karateçilərinin 2013-ci ildə İndoneziyanın Palembanq şəhərində 3-cü İslam Həmrəylik Oyunlarında da yüksək nəticə göstərdiyini xatırladan federasiya prezidenti, eləcə də iyunda 1-ci Avropa Oyunlarında böyük uğur əldə edildiyini nəzərə çatdırıb. Y.Bəşirov ölkə prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin idmanın digər sahələri ilə yanaşı karateyə də xüsusi diqqətlə yanaşdığını vurğulayıb.

O, Gənclər və İdman nazirliyinin, eləcə də baş sponsor Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə müxtəlif beynəlxalq yarışlarda qazanılan uğurlar və qarşıdakı hədəflər barədə səfirlik əməkdaşlarına qısa məlumat verib. Yaşar Bəşirov Azərbaycanın İndoneziyada Fövqəladə və Səlahiyyətli səfiri Tamerlan Qarayevin və səfirlik əməkdaşlarının dünya çempionatında milli komandamıza böyük dəstək verdiyini diqqətə çatdıraraq, hər iki rəsmi dövlət təşkilatına xüsusi minnətdarlığını çatdırıb. Çıxışların ardından Y. Bəşirov və P.Atiyanto bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.

Tədbir İndoneziya səfirliyinin nahar ziyafəti və əməkdaşların idmançılarla birgə bədii əyləncələri ilə davam edib. Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.

Xəbər 726 dəfə oxundu.