Şahmat çempionatı başa çatıb
“Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika çempionatının final mərhələsi keçirilib.

Quba rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində keçirilən final altı yaş qrupu üzrə təşkil olunub. Finalda zona yarışlarında birinci, ikinci və üçüncü yerləri tutan oğlan və qız şahmatçılar iştirak ediblər. Ümumilikdə yarışlara səkkiz yüzədək məktəbli qatılıb.

Turnir Beynəlxalq Şahmat Federasiyasının qaydalarına əsasən, İsveçrə sistemi üzrə keçirilib.

Yarışın nəticəsinə görə, komanda hesabında birinci yerə Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat-İdman Məktəbinin, ikinci yerə Quba Rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin, üçüncü yerə isə 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin komandaları layiq görülüblər.

Çempionatda yaş qrupları üzrə birinci yerə layiq görülənlər 2016-cı ildə Tunisdə məktəblilərin dünya çempionatında çıxış etmək hüququ qazanıblar. İkinci yerin sahibləri isə Yunanıstanda məktəblilərin Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.

Qaliblər diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 777 dəfə oxundu.