Komandalar arasında keçirilən Avropa Çempionatı başa çatdı
Islandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən Komandalar arası Avropa çempionatı başa çatıb. Ümumilikdə çempionatda birincilik uğurunda 66 komanda mübarizə aparırdı.

Avropa Çempionatının yekun turunda kişilərdən ibarət milli komandamız Almaniya seçməsi ilə sülh bağladı. Teymur Rəcəbov və Rauf Məmmədov rəqibləri ilə xalları yarı böldü. Şəhriyar Məmmədyarov Liviu-Dieter Nisipeanu üzərində qələbə qazansa da Eltac Səfərli bu turda məğlub oldu.

Yekunda kişilərdən ibarət Komandamız Avropa çempionatını 11 xalla 7-ci yerdə başa vurdu.

Qadınlardan ibarət yığmamız isə sonuncu turda İngiltərə millisinə 3.5:0.5 hesabı ilə qalib gəlib. Gülnar Məmmədova, Nərmin Kazımovanın və Ülviyyə Fətəliyeva rəqiblərini təslim etməyə müvəffəq olublar. Zeynəb Məmmədyarova isə xalları yarı bölüb.

Beləliklə, Qadınlardan ibarət milli komandamız 9 xal toplayaraq turnir cədvəlinin 16-cı pilləsində qərarlşıb.

Çempion adını isə həm kişi, həm də qadın komandaları arasında Rusiya komandası qazanıb.

Xəbər 669 dəfə oxundu.