Sergey Yuran: “Qapıçı səhvlərindən azı 4-5 xal itirmişik” - MÜSAHİBƏ
“Simurq” klubunun baş məşqçisi Sergey Yuran azerisport.az saytına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, həmkarımızla söhbətdə, rusiyalı mütəxəssis komandasının Türkiyə toplanışını dəyərləndirib, ölkə çempionatında imkanlarından danışıb:

- Səhv etmiriksə, “Simurq” yanvarın əvvəlində vətənə qayıtmalıydı...
- Biz Türkiyəni yanvarın 31-də tərk etməyi planlaşdırmışdıq. Amma Azərbaycandakı kəskin hava şəraiti planlarımızı dəyişdirdi. Zaqatala stadionunun qar altında qaldığını, orda məşq etməyin mümkünsüz olduğunu eşidincə, burda qalmağa qərar verdik. Buna görə daha bir sınaq matçına da çıxmaq imkanı qazandıq.

- Siz yoxlama oyunlarında çoxlu futbolçunu da baxışdan keçirdiniz...
- “Simurq”un düşərgəsinə gələn futbolçular arasında Sergey Kovalenko, İqor Tarasov və Cem Atan var idi. Latviya yığmasının perspektivli oyunçusu olan Tarasovu almaq istərdim. Amma təəssüf ki, maliyyə məsələlərində razılığa gələ bilmədik. Kovalenko təmiz forvard deyil. Atan isə hazırkı məqamda tam hazır deyil. Amma ona sonradan baxa bilərik. İndiki məqamda mənə forvard lazımdı.

- Bir qədər öncə Vyaçeslav Sofronini də baxışa çağırmışdız?
- Biz onunla danışmışdıq. Amma futbolçu Qazaxıstanın “Ordabası” klubunu seçdi. Səbəb sadədi: ona orda daha yaxşı pul təklif etdilər. Əslində futbolçu pula üstünlük verirsə, buna heç nə etmək olmaz. Axı, Zaqatala həm də paytaxt deyil.

- Belə çıxır ki, “Simurq” möhkəmlənə bilməyib?
- Hər şey pula bağlıdır. Təəssüf ki, bu məsələni də mən həll etmirəm. Bizə konkret büdcə verilmişdi. Həmin çərçivədə də hərəkət edə bilirik. Mən əcnəbi oyunçu almaq istəyirəm. Amma o, yerli oyunçudan iki baş üstün olmalıdır. Bir azərbaycanlı futbolçu var ki, onu götürməyə hazıram. Bu, “Neftçi”nin futbolçusudur, daha çox ehtiyatda qalır.

- Səhv etmiriksə, siz Cavid İmamverdiyevi nəzərdə tutursuz. Amma çətin ki, “Neftçi” qarşıdan gələn çətin oyunlar öncəsi onu sizə icarəyə versin...
- Mövsümün əvvəlində hədəfimiz elitada qalmaq idi. Amma mən ambisiyalı adamam. Ona görə də uşaqlara deyə bilmərəm ki, elə birinci dəstəyə düşməməyimizə çalışın, bəsdir. İnanın ki, Kramarenko mövsümün əvvəlində sıralarımızda olsaydı, indi biz 6-7-ci pillədəydik. Razıyam ki, uğursuzluqlara görə baş məşqçi günahkardır. Amma məşqçilər korpusuyla analizlərimiz də belə deməyə əsas verir ki, biz qapıçı səhvlərindən azı 4-5 xal itirmişik. Əgər bir hücumçu da ala bilsək, o zaman mövsümün sonuna kimi döyüşəcəyik.

- Əgər komanda ilk altılığa düşməsə, final mərhələsindəki döyüşməyin nə mənası var?
- Yeddinci yer üçün. Biz peşəkarıq və klub qarşısında məsuliyyətimizi dərk edirik. Başqa yol yoxdur. Meydana boşuna çıxmaq olmaz, axı. Biz azarkeşlərimiz üçün oynamalıyıq. Onların məni əllərində necə gəzdirdiklərini unuda bilmirəm. Məncə, arenamız azarkeş davamiyyətinə görə “Xəzər Lənkəran” və “Kəpəz”dən sonra üçüncüdür. Çox istərdim ki, “Simurq”u avrokuboklara çıxara bilim.

- Zaqatalada sizə darıxdırıcı deyil ki?
- Xeyr. Baza – stadion və geri. Amma balıq və istirahət var. Azarkeşlər sağ olsunlar, məni unutmurlar. Məncə, onlar Sergey Yuranın qayğısına daha çox qalırlar, nəinki “Simurq”un baş məşqçisi kimi. Azarkeşlərlə aramızda çox yaxşı anlaşma var. Lakin Azərbaycan futboluna daha çox fayda vermək haqda da düşünürəm.

- Belə çıxır ki, mövsümün sonunda gedişiniz mümkündür?
- Belə deyim ki, gedişim istisna deyil. Məmnuniyyətlə Azərbaycan çempionatında işlərdim. Çünki sizin çempionatı MDB məkanında Rusiya və Ukraynadan sonra ən güclü sayıram. Düzdü, sizdə stadion çatışmazlığı var. Amma bu, zamanla həll olunan məsələdir. Yeri gəlmişkən, hesab edirəm ki, Rusiya yığmasına DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanı Bakıda yenmək çox çətin olacaq.

- Sirr deyilsə, “Simurq”u hansı klublarımıza dəyişmək istərdiz?
- “Neftçi”, “Xəzər Lənkəran”, “Bakı”, “İnter”. Onların hər şeyi var ki, avrokuboklarda uğurlu çıxış edə bilsinlər. Fikrimcə, ölkəniz ən azı bir klubla avrokubokların qrup mərhələsində təmsil olunmağa layiqdir. Lakin elə bir kluba getmək istəyirəm ki, orada baş məşqçinin işinə qarışılmasın. Çünki komanda mənim ailəmdir.

Xəbər 1269 dəfə oxundu.