“Neftçi”də 21-ci, “Böyük oyun”larda 24-cü
Topaz Premyer Liqasının XIII turunun “Xəzər Lənkəran”la səfər oyunu “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayevin bu postdakı debütü ilə əlamətdar olub. Futbolçu kimi çıxış etdiyi klubun “sükanı arxasında” ilk matçda 2:0 hesablı qələbəyə şahid olan 55 yaşlı mütəxəssis Azərbaycan çempionatları tarixində “ağ-qaralar”ın 21-ci baş məşqçisi olub. Belə ki, 1992-ci ildən Lənkərandakı matçadək 20 mütəxəssis “Neftçi”ni çempionat oyununa çıxarıb. Bu görüşlərdə paytaxt təmsilçisinin rekordçusu Kazbek Tuayevdi – 132 oyun.

Abdullayev Azərbaycan çempionatlarında həm futbolçu, həm baş məşqçi kimi “Neftçi”nin şərəfini qoruyanların sayını 5-ə çatdırıb. Onadək Qurban Qurbanov, Arif Əsədov, Tərlan Əhmədov və Samir Əliyev də hər iki ampluada “ağ-qaralar”ın sıralarında olub.

Debütü “Böyük oyun”a təsadüf edən Abdullayev “Neftçi”ni “Xəzər Lənkəran”la oyuna çıxaran 13-cü baş məşqçidir. Bütün turnirlərdəki “Böyük oyun”larda son matçadək hər komandaya 12 mütəxəssis rəhbərlik etmişdi. Ağasəlim Mircavadov hər iki komandada çalışdığından Abdullayev prinsipial rəqiblərin görüşlərində ümumilikdə 24-cü baş məşqçi olub. “Böyük oyun”larda məhz Mircavadov hamıdan çox – 13 qarşılaşmada iştirak edib.

Xəbər 674 dəfə oxundu.