Aleks Li B qrupunda ABŞ rekordunu yenilədi
Noyabrın 20-28-də ABŞ Hyuston şəhərində keçiriləcək ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatı davam edir. Bu gün səhər saatlarında “Zirvə” Beynəlxalq İdman Klubunun iki üzvü 69 kq çəki dərəcəsinin B qrupunda mübarizəyə qoşulub. Kişilərin yarışında Aleks Li və Sergey Çekir müvafiq olaraq ABŞ və Moldovanın şərəfini qoruyublar.

“Kişinyov-Zirvə” təmsilçimiz Sergey Çekir toplam 303 kq (143+170) nəticə ilə B qrupunda 4-cü yeri tutub.

Aleks Li isə daha yaxşı çıxış edib. “Finiks-Zirvə” təmsilçisi əvvəlcə birdən qaldırma hərəkətində möhtəşəm yarışıb. O, 14 ildir qüvvədə olan, Skott Dilbertin müəyyənləşdirdiyi ABŞ rekordunu iki dəfə yeniləyib. Li 135 kq-lıq rekordu əvvəlcə 137 kq, sonra isə 140 kq-ı başı üzərinə qaldırmaqla təzələyib. Toplamda 316 kq (140+176) nəticə göstərən Li, B qrupununun sıralamasında 2-ci yeri tutub.

Hər iki atletin yekun sıralamadakı yeri A qrupundakı mübarizə başa çatandan sonra bilinəcək.

Xəbər 815 dəfə oxundu.