Şahmat üzrə komandalararası Avropa çempionatına yekun vurulub
Reykyavikdə keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı sona çatıb. Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları IX turda fərqli nəticələr göstəriblər.

Kişilərdən ibarət yığma son turda qara fiqurlarla Almaniya ilə heç-heçə edib - 2:2. Birinci lövhədə Şəhriyar Məmmədyarov Liviu-Diter Nisipyanunu yensə də, Teymur Rəcəbov Georq Mayerlə, Rauf Məmmədov Daniel Fridmanla heç-heçə edib. Eltac Səfərli isə Rayner Buhmana uduzub. Bu nəticə ilə Aleksandr Halifmanın kapitanı olduğu komanda 11 xalla 7-ci yeri tutub.

Qadın millimiz isə ağ fiqurlarla İngiltərəyə qalib gəlib - 3,5:0,5. Gülnar Məmmədova Danya Siuksaytı, Nərmin Kazımova Zivile Sarakauskieneni, Ülviyyə Fətəliyeva Kanval Bhatyanı yenib. Birinci lövhədəki Zeynəb Məmmədyarova isə Yovanka Huska ilə heç-heçə edib. Beləliklə, Fikrət Sideifzadənin kapitanı olduğu komanda çempionatı 9 xalla 16-cı pillədə başa vurub.

Xəbər 636 dəfə oxundu.