“Neftçi” Lənkərandan 3 xalla qayıdır
Topaz Premyer Liqasının XIII turu “Xəzər Lənkəran” – “Neftçi” oyunu ilə əlamətdar oldu. Bu görüş “Neftçi”nin 2-0 hesablı qələbəsi ilə yekunlaşdı.

Əsgər Abdullayev (“Neftçi”nin baş məşqçisi): “Oyunun çətin olacağını bilirdim. “Neftçi” və “Xəzər Lənkəran”ın iştirakı ilə keçirilən görüşlər həmişə gərgin alınır. Futbolçulara verilən tapşırıqları yerinə yetirdiklərinə görə təşəkkür edirəm. Komandamızda psixoloji durum yaxşı deyildi. Oyundan öncə futbolçularla görüşdüm, söhbət elədik, sistemi dəyişdim və bütün bunların nəticəsi müsbət oldu. “Neftçi”nin yerli oyunçuları böyük potensiala malikdirlər. Futbolçularımın hər birinə güvənirəm. Amma daha yaxşı yerlərə oynamaq üçün yeni bir neçə oyunçuya ehtiyac var. Əgər futbolçu əsas heyətə düşə bilmirsə, əvəzedici heyətdə öz formasını qorumalıdır. Bu baxımdan Samir Əliyevin fikrinə hörmətlə yanaşıram”.

Yunis Hüseynov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Oyun gərgin keçdi. İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə fərdi səhvlərdən qollar buraxdıq. İlk qoldan sonra açıq futbol sərgiləməyə başladıq və rəqib bundan istifadə etdi. Deməzdim ki, komandam aqressiv idi, əksinə rəqib daha aqressiv davrandı. Bizim komandamızda intizamsızlıq ola bilməz. Oyunun gedişində “Neftçi”nin bizdən güclü təsir bağışlaması hiss olunmurdu. Heyətdə problemlərimiz var. Rasim Ramaldanov, Kamran Abdullazadə iynə hesabına oyuna çıxmışdılar. Düşünürəm ki, bütün bunlara baxmayaraq, rəqibə heç bir cəbhədə uduzmadıq. Məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Məğlub olmağımızı istəməzdim. Futbolçular da bunu başa düşməlidirlər”.


Xəbər 666 dəfə oxundu.