“Lisenziyanı Braziliyada qızıl medalla əvəzləmək istəyirəm” - MÜSAHİBƏ
Bakıda keçirilən möhtəşəm I Avropa Oyunlarının qızıl medalçısı, ABŞ-ın Las Veqas şəhərində təşkil olunan Dünya çempionatında 5-ci olmaqla Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Elvin Mürsəliyev Olimpiadaya hazırlıqları barədə öz fikirlərini idman.com.az saytı ilə bölüşüb:

- RİO 2016-a Oyunlarına hazırlıqların necə gedir?

- I Avropa Oyunlarına hazırlaşdığımdan da ikiqat artıq məşqlər edirəm. Cənab prezidentimizə mükafatlandırma zamanı söz vermişəm ki, uğurumun davamı olacaq və bu qələbəni inşallah orada da təkrarlayacam. Bu yarış mənim üçün çox vacibdir və vaxt az olduğundan hər dəqiqənin belə hökmü var. Las Veqasda lisenziya əldə etdikdən sonra vətənə qayıdaraq, məşqlərimə başlamışam.

- I Avropa Oyunlarında qızıl medal qazanmağın səndə Braziliya Olimpiya Oyunlarına arxayınlıq yaratmayıb?

- Yaratsaydı bəlkə də lisenziyada əldə edə bilməzdim. Yığma komandamıza iranlı Cəmşid Xeyrabari baş məşqçi təyin olunanda bir az formada deyildim. O, yarışlarda mənə etimad göstərmirdi. Sonra baş məşqçimizə söz verdim ki, özümü layiqincə doğruldacam. Artıq məşqlərimizə başlamışıq. Komandaya Akif Əliyev və Nurəddin Rəcəbovun da böyük dəstəkləri var. İnşallah onların ümidlərini Rio-2016-da doğruldacağam.

- Las Veqasda lisenziya əldə etməyinə baxmayaraq, medal qazana bilmədin.

- I Avropa Oyunlarının qızıl medalçısı olduğuma görə bir az ehtiyat edirdilər. Ən azından lisenziya üçün getmişdim. Buna nail ola bildim, amma medal da qazana bilsəydim yaxşı olardı. Hakimlərin tərəfkeşliyi medal qazanmağıma imkan vermədi. Burdakı səhvlərimi bir daha təkrarlamamağa çalışacağam. Məqsədim Olimpiya Oyunlarında qalib gəlmək və lisenziyanı Braziliyada qızıl medalla əvəzləməkdir.

- London 2012 Yay Olimpiya Oyunlarının bürünc medalçısı Emin Əhmədovun rəqibləri sənin də rəqiblərindir. Rəqiblərinlə nə dərəcədə tanışsan?

- Rəqiblərimlə 1-2 dəfə qarşılaşmışam. Heç birini özümdən güclü hesab etmirəm. Əsas güclü məşq və böyük əziyyət çəkmək lazımdır ki, qələbə qazana bilim. Onların həyat tərzləri, məşq prosesləri ilə daim internet vasitəsilə maraqlanıram ki, Braziliyada oyunlarda qarşılaşanda Eminin revanşını ala bilim və qızıl medalı ölkəmizə gətirim. İnşallah Allah bu sevinci mənə qismət edər.

- Məhz qızıl medal?

- Olimpiya Oyunlarında qalib olmaq hər bir idmançının arzusudur. Qızıl medalla Fərid Mansurovun olimpiya çempionluğunu təkrarlamaq istəyirəm.

- Fərid sənin kumirindir?

- Tək mənim deyil, bütün yunan-Roma güləşçilərimizin idealı sayıla bilər. Onunla komanda yoldaşı olmuşam. Bu gün də qələbə qazanmağımda 30-40 faiz səbəbkar odur. Əvvəllər bu idman növü ölkəmizdə populyar deyildi. 2004-cü ildə Olimpiya çempionu olandan sonra güləşə həvəs, maraq artdı.

- Digər idmançılardan daha çox hansı cəhətlərinə görə özünü fərqləndirirsən?

- İdmançıların bəziləri xal verir, xal alır. Stabil güləşməyi xoşlayıram və həmişə əsas görüşümü 2-ci hissəyə saxlayıram. Bu zaman məndə 2-ci nəfəs açılır və rəqibimə qarşı son dərəcə ehtiyatlı olmağa çalışıram ki, ona xal verməyim. Bu anda səbrli və diqqətli olmaq əsas vacib amillərdəndir. Bir də detektiv janrda kitablar oxumağı sevirəm. Hesab edirəm ki, rəqibi məğlub etməkdə bunun da böyük rolu var. Həyatdan götürülmüş bir çox detallar burada öz əksini tapır. Kitab oxumağa 2010-cu ildə Avropa Çempionatında gümüş medal qazanandan sonra başlamışam. O vaxt bəzi idmançılar kimi məndə ulduz xəstəliyinə tutulmuşdum. Kitablar mənim bu vəziyyətdən çıxmağıma vasitə oldu. Bu gün də oxumağa davam edirəm. Ən son oxuduğum kitab isə Elxan Elatlının “Qanunsuz əməliyyat” əsəridir. İdmanda güclə yanaşı dünyagörüşü də vacibdir. Xarici ölkələrin jurnalistləri və idmançıları ilə ünsiyyət quranda çalışıram ki, həm özümü, həm də dövlətimizi layiqincə təmsil edim.

Söhbətləşdi: Aynurə Aşurova

Xəbər 2065 dəfə oxundu.