Nazir Azad Rəhimovun Çexiyaya rəsmi səfəri başladı
19 noyabr 2015-ci il tarixdən etibarən Çexiyanın Praqa şəhərində Avropa Olimpiya Komitəsinin 44- cü Baş Assambleyası və İcraiyyə Komitəsinin iclasları öz işinə başlayır.

Gənclər və idman naziri Azad Rəhimovun da qatıldığı bu Assambleyada ölkəmizdə uğurla keçirilmiş 1-ci Avropa Oyunlarının yekunları ilə bağlı hesabat veriləcək. Assamableyada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hiki, Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) prezidenti Şeyx Əhməd əl-Fahad əl-Sabah iştirak edəcəklər.

Nazir Azad Rəhimov öz çıxışında ölkənin birinci xanımı, Avropa oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın rəhbərliyi altında oyunların çox yüksək səviyyədə keçirilməsindən danışacaq. Eyni zamanda Azad Rəhimov 150 mindən artıq gənc arasında oyunların ölkəyə nə verəcəyi mövzusunda sorğu keçirildiyini və nəticədə respondentlərin 80%-nin oyunların Azərbaycanın tanıtımında müsbət rol oynaması ilə bağlı fikirlərini, Əməliyyat komitəsində 2500-dən artıq insanın, 12 mindən artıq könüllünün çalışmasından, 1200-dən artıq media nümayəndəsinin oyunları işıqlandırmasından və Bakı 2015 Avropa oyunları ilə bağlı digər mühüm əhəmiyyət kəsb edən mövzulardan söz açacaq.

Assambleyanın iclasları zamanı Rio de Janeiro, Tokio Yay Olimpiya Oyunları və Pyonçanq Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat xarakterli çıxışları olacaq.

2-ci Avropa Oyunlarının keçirilməsi ilə bağlı müzakirələr, yeniyetmələr arasında 2018-ci il Buenos Ayres yay və 2016-cı il Lillehammer qış Olimpiya Oyunlarına hazırlıq işləri i ilə bağlı geniş təqdimatlar gündəlikdə duran məsələlər sırasındadır.

Tədbir zamanı Rio 2016 yay Olimpiya Oyunları Təşkilat Komitəsinin nümayəndələri ilə Azərbaycan nümayəndə heyətinin oyunlarda iştirakıyla bağlı məsələlərin müzakirəsi planlaşdırılır.

Assambleya 21 noyabr tarixinədək davam edəcək.

Xəbər 759 dəfə oxundu.