BŞGİBİ-də Rusiya nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycanda səfərdə olan Moskvanın Bədən Tərbiyəsi və İdman Departamentinin nümayəndə heyəti ilə noyabrın 16-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) görüş keçirilib.

Görüşdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sidney Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə çempionu Namiq Abdullayev, Pekin Yay Olimpiya Oyunlarının çüdo üzrə çempionu Elnur Məmmədli, Rusiya Bədən Tərbiyə və İdman Departamentinin müavini, Rusiyanın sərbəst güləş üzrə olimpiya çempionları David Musulbes, Vadim Bogiev və digər rəsmi qonaqlar iştirak ediblər.

Baş İdarənin rəisi Raqif Abbasov qonaqları salamlayaraq ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən gənclər və idman sahələrində səmərəli əməkdaşlığın olduğunu bildirib. Azərbaycan və Rusiya idmançılarının mötəbər beynəlxalq yarışlarda mühüm nailiyyətlər qazandıqlarını vurğulayan R.Abbasov bu ilin iyununda keçirilən birinci Avropa Oyunlarında hər iki ölkə atletlərinin uğurla çıxış etdiklərini diqqətə çatdırıb.

Moskvanın Bədən Tərbiyəsi və İdman Departamentinin kadrlar və təltifetmə idarəsinin rəisi Stella Bajenova və beynəlxalq əlaqələr üzrə baş mütəxəssis Mariya Nikolayeva Azərbaycana ikinci dəfə səfər etdiklərini vurğulayaraq ölkəmizdə “Moskva günləri”nin keçirilməsindən məmnunluqlarını bildiriblər.

Son illərdə Azərbaycanda idmanın sürətli inkişafından, atletlərimizin beynəlxalq yarışlarda qələbələrindən danışan nümayəndə heyətinin üzvləri Rusiyanın da mötəbər yarışlara ev sahibliyi etməyə hazırlaşdığını vurğulayıblar. Gələn ilin mayında Moskvada xokkey üzrə dünya çempionatının keçiriləcəyini qeyd edən qonaqlar Azərbaycanın Rusiyada təşkil edilən mötəbər yarışlarda güclü komandalarla təmsil olunduqlarını diqqətə çatdırıblar.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Xəbər 652 dəfə oxundu.