Azərbaycan millisi Bakı Olimpiya Stadionunda ilk qələbəsini qazanıb
Noyabrın 17-də Bakı Olimpiya Stadionunda futbol üzrə Azərbaycan və Moldova milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu keçirilib.

Azərbaycan millisinin start heyətində Səlahət Ağayev, Maksim Medvedev, Bədəvi Hüseynov, Pavel Paşayev, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Rəhman Hacıyev, Əfran İsmayılov, Elvin Məmmədov və Ruslan Qurbanov yer alıblar.

Moldova yığmasının heyətində meydana İlie Çebanu, İqor Armaş, Katalin Karp, Viktor Qolovatenko, Vitaliy Bordiyan, İon Jardan, Aleksandr Dedov, Andrey Kojokar, Aleksandr Antonyuk, Aleksandr Onika və Maksim Patırnike çıxıblar.

Gürcüstanlı baş hakim Laşa Silaqavanın idarə etdiyi oyunun 33-cü dəqiqəsində hesab açılıb. Moldova millisinin futbolçusu Katalin Karp avtoqolun müəllifi olub. Oyunun 44-cü dəqiqəsində qonaqlar hesabı bərabərləşdiriblər. Moldova yığmasının heyətində Aleksandr Antonyuk fərqlənib. Matçın ilk hissəsi 1:1 hesabı ilə başa çatıb.

Görüşün 50-ci dəqiqəsində Ağabala Ramazanovun qolu Azərbaycan millisini hesabda önə çıxarıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun sonunadək hesab dəyişməyib.

Beləliklə, Azərbaycan millisi 2:1 hesabı ilə qalib gələrək Bakı Olimpiya Stadionunda ilk qələbəsini qazanıb.

Moldova Azərbaycan yığması üçün tanış rəqibdir. Belə ki, millimiz bu komanda ilə 9-cu dəfə üz-üzə gəlib. Əvvəllər yığmamız moldovalılarla 8 yoxlama görüşü keçirib ki, onların yalnız birində qalib gəlib.

Qeyd edək ki, Moldova yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 154-cü yeri tutur. Azərbaycan isə rəqibindən xeyli öndə - 115-ci pillədə qərarlaşıb.

Xəbər 727 dəfə oxundu.