Rusiyalı qonaqlar Bakının idman infrastrukturu ilə tanış olublar
Bakıda keçirilən “Moskva günləri” ilə əlaqədar Azərbaycana səfərə gələn Moskvanın Bədən Tərbiyəsi və İdman Departamentinin nümayəndə heyəti Veloparkda olub.

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev qonaqlara bu idman qurğusu haqqında məlumat verib. Bildirilib ki, “Bakı-2015” ilk Avropa Oyunlarının BMX yarışlarının keçirildiyi arena Olimpiya standartlarına tam cavab verir. Burada ən yüksək səviyyəli yarışları təşkil etmək mümkündür. Federasiya rəsmisi Bakının 2018-ci ildə BMX üzrə dünya çempionatına ev sahibliyi edə biləcəyini vurğulayaraq bu istiqamətdə Beynəlxalq Velosipedçilər İttifaqı ilə danışıqların aparıldığını bildirib.

Nümayəndə heyətinin üzvü, Olimpiya çempionu David Musulbes ölkəmizdə gördüklərindən məmnunluğunu bildirib. O, Azərbaycanda bu sahəyə göstərilən dövlət qayğısı nəticəsində respublikamızın dünyada idman ölkəsi kimi tanındığını deyib. Qonaqlar Veloparkın yarışlar və təlim-məşq toplanışlarının keçirilməsi üçün ideal məkan olduğunu söyləyiblər.
Sonra qonaqlar Bakı Olimpiya Stadionuna gələrək arenada müxtəlif idman növlərinin keçirilməsi üçün yaradılmış şəraitlə tanış olublar.

Nümayəndə heyətinin tərkibinə 14 idmançı, 2 məşqçi, departamentin rəsmi nümayəndələri, həmçinin Olimpiya çempionları David Musulbes və Vadim Boqiev daxildir.

Xəbər 577 dəfə oxundu.