Azərbaycan şahmatçıları Türkiyə və Norveç komandaları üzərində qələbə qazanıblar
İslandiyanın paytaxtında şahmat üzrə komandalararası Avropa çempionatında 4-cü turun oyunları yekunlaşıb.

Dördüncü turda hər iki komandamız qələbə qazanıb. Kişilərdən ibarət seçməmiz Türkiyə komandası ilə üz-üzə gəlib. Hesab 3,5:0,5 millimizin xeyrinə başa çatıb. Bu turda qrossmeysterlərdən Teymur Rəcəbov Mustafa Yılmazı məğlub edib, Arkadiy Naydiç Barış Esen üzərində qələbə qazanıb, Rauf Məmmədov isə Can Emreni məğlubiyyətə uğradıb. Komandanın kapitanı Şəhriyar Məmmədyarov isə rəqibi Draqan Solak ilə sülh bağlayıb.

Dörd turdan sonra kişilərdən ibarət Azərbaycan yığma komandası 6 xalla 2-ci yerdədir.

Qadınlardan ibarət komandamız isə Norveç komandasına 2,5:1,5 hesabı ilə qalib gəlib. Seçməmizin heyətində Gülnar Məmmədova və Ülviyyə Fətəliyevanın qələbəsinin ardından Xəyalə Abdulla xalları yarı bölüb. Nərmin Kazımova isə məğlub olub.

Dörd turdan sonra qadınlardan ibarət Azərbaycan milli komandası 4 xalla 16-cı yerdədir.

Beşinci turda kişilərdən ibarət seçməmiz Rusiya, qadınlardan ibarət millimiz isə Danimarka komandası ilə görüşəcək.

AZƏRTAC

Xəbər 751 dəfə oxundu.