Litvada “Bakının hərarəti” jurnalı dərc olunub
Litva Milli Olimpiya Komitəsi Bakıda keçirilmiş ilk Avropa Oyunlarına həsr olunan “Bakının hərarəti” (“Teplo Baku”) xüsusi jurnalını nəşr edib. Bu məlumatı komitənin mətbuat katibi Qoda Smilinqite söyləyib.

O bildirib ki, ilk Avropa Oyunları idman aləmində tarixi hadisə olduğu üçün komitə xüsusi jurnal hazırlamaq və onu “Bakının hərarəti” adlandırmaq qərarına gəlib. Q.Smilinqite deyib: “Biz bu adı ona görə seçdik ki, iyun ayında Bakıda çox isti idi. Litva idmançıları Oyunlarda çoxlu sayda mükafat qazanıb. Litva idmançıları ümidləri doğruldaraq 7 medal qazanıblar. Bu, bizim balaca ölkə üçün çox yaxşı nəticədir”.

Jurnalın səhifələrində oyunların geniş xülasəsi, litvalı idmançıların iştirak etdiyi idmanın hər növü haqqında bölmələr var.

Q.Smilinqite bildirib ki, jurnalda Bakıda, ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində və Atletlər kəndinin gündəlik həyatında olan bayram ab-havası təsvir edilib. Hər bölmədə bir sıra maraqlı faktlar və rəqəmlər yer alıb. Məsələn, Oyunların məşəli təqribən 5500 kilometr məsafə qət edib, bağlanış mərasimini stadionda 68 min adam izləyib, həmçinin qadınlar arasında velosiped idmanı üzrə yarış 38 dərəcə istidə keçirilib.

2000 nüsxə tirajla çıxan “Bakının hərarəti” jurnalı ilk Avropa Oyunlarının Litva qaliblərinin mükafatlandırılması

mərasimində təqdim olunub, habelə KİV-lərə, idman federasiyalarına, dövlət müəssisələrinə, Litva Milli Kitabxanasına verilib.

AZƏRTAC

Xəbər 731 dəfə oxundu.