Naxçıvanda məşqçi-müəllimlər və güləşçilər üçün ustad dərsləri keçirilib
Noyabrın 10-dan 15-dək Naxçıvan Muxtar Respublikasında Azərbaycan Güləş Federasiyasının dəstəyi, Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə məşqçi-müəllimlər və güləşçilər üçün ustad dərsləri (master klass) keçirilib. Həm Naxçıvan şəhərində, həm də Şərur rayonunda təşkil edilən seminarlarda ümumilikdə 150-dən artıq gənc və yeniyetmə güləşçi iştirak edib.

İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində keçirilən ilk seminarda beynəlxalq dərəcəli idman ustası, gənclərdən ibarət ölkə yığma komandasının böyük məşqçisi Əsgərxan Novruzov, məşqçilər Elşad Allahverdiyev və Rövşən Hacıyev idmançılara güləş idman növünün taktiki-texniki xüsusiyyətləri, yeni qaydaları barədə ətraflı məlumat veriblər.

Növbəti gün dərslərdə məşqçi-müəllim kimi Naxçıvan güləş məktəbinin yetirməsi, sərbəst güləş üzrə iki qat dünya çempionu, Avropa çempionu Hacı Əliyev iştirak edib. O, məşqlər zamanı öz karyerasında qazandığı təcrübəsini bölüşüb, yeniyetmə və gənc güləşçilərə öz tövsiyyələrini verib.

Seminarların son günündə isə Azərbaycan Güləş Federasiyasının yeniyetmələr üzrə vitse-prezidenti, Olimpiya və üçqat Avropa çempionu Namiq Abdullayev məşqçi-müəllimlər üçün təşkil edilən seminarda çıxış edib və yeni qaydalar barədə məşqçiləri məlumatlandırıb. Daha sonra Olimpiya çempionu Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində güləşçilər üçün aparılan məşqi izləyib.

Xəbər 1009 dəfə oxundu.