Raul Qonzales vida matçına çıxıb
Bir vaxtlar İspaniya millisi və Madridin “Real” klubunda forma geyən Raul Qonzales vida matçına çıxıb.

Şimalı Amerika futbol liqasının “Nyu-York Kosmos” klubunda çıxış edən Raul son rəsmi matçında komandasına çempionluq titulu qazandırıb. İspaniyalı ulduzun “Nyu-York Kosmos”un heyətində 90 dəqiqə forma geydiyi final oyununda komandası “Ottava Fyuri” klubuna 3:2 hesabı ilə qalıb gəlib.

Qeyd edək ki, 2014-cü ildən sözü gedən klubla müqaviləsi olan 38 yaşlı forvard Şimalı Amerika Liqasının otuz oyununda doqquz qol vurub. Karyerasının çox hissəsini “Real”da keçirən Raul Madrid klubu tarixinin ən məhsuldar hücumçusu kimi yadda qalıb.

O, “La-Liqa”nın 741 matçında 323 qolun sahibidir. Forvard bu klubla 6 dəfə ölkə çempionu adını və 3 dəfə Çempionlar liqası kubokunu qazanıb. Raulun İspaniya yığmasında keçirdiyi 102 oyunda 44 qolu var. Hücumçu karyerası ərzində Almaniyanın “Şalke” və Qətərin “Əl-Sədd” komandalarında da forma geyinib.

Qarşıdakı planları barədə təəssüratını bölüşən ispaniyalı ulduz özünü məşqçi qismində görmədiyini deyib. “Özümü məşqçi kimi görmürəm. Yaxın illərdə belə bir niyyətimin olmadığı dəqiqdir. Hazırda vaxtımı ailəmlə keçirmək istərdim. Digər layihələr isə sonranın işidir”, - deyə Raul qeyd edib.

Xəbər 705 dəfə oxundu.