Elxan Məmmədov: «Biz hər zaman balansı gözləmişik» - MÜSAHİBƏ
AFFA-nın baş katibi lent.az-a müsahibə verib. İdman.com.az saytının məlumatına görə, həmkarımızla söhbətdə, Elxan Məmmədov futzalçılarımızın Avro-2012-nin final mərhələsindəki çıxışına, milli komandamızın Dubayda keçirəcək təlim-məşq toplanışına və UEFA-nın lisenziyalaşdırma tələbi məsələsinə münasibət bildirib.

- Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatındakı çıxışını necə dəyərləndirirsiniz?
- Yığmamız seçmə mərhələni uğurla keçmişdi. Final mərhələsində isə, təəssüf ki, ən azı 2010-cu ildəki uğur təkrarlanmadı. İki il öncə bu komanda inanılmaz uğura imza ataraq 4-cü yeri tutmuşdu. Bu dəfə isə fikrimcə, millimiz potensialını ortaya qoya bilmədi. Bəzi hallarda bəxtimiz də gətirmədi. Məsələn, Serbiya ilə qarşılaşmada elə ilk dəqiqələrdəcə qapıçımıza Andrey Tveryankinə iki sarı vərəqə göstərildi.

- Bu arada 19 yaşlılardan ibarət yığmamız da zəif çıxışlarını davam etdirir. Baş məşqçi Vəli Qasımovun komandası Valentin Qranatkinin xatirə turnirində sonuncu yeri tutduqdan sonra Türkiyənin 1995-ci il təvəllüdlü futbolçularına böyük hesabla uduzub...
- Amma ikinci görüşdə heç-heçə qeydə alınıb. Bilirsiniz, Vəli Qasımov əvvəllər əsas yığmamızda köməkçi-məşqçi vəzifəsində də çalışırdı. O, sırf 19 yaşlılarımızla işləməyə yenicə başlayıb. İstənilən nəticədən sonra biz baş məşqçidən hesabat istəyirik. Təbii ki, komandamız Antalyadan qayıtdıqdan sonra onunla görüş keçiriləcək.

- Bəs həm futzal, həm də 19 yaşlılardan ibarət yığmamızın baş məşqçilərinin məsələsinə baxılması AFFA İcraiyyə Komitəsinin iclasının gündəliyində nəzərdə tutulmayıb?
- Xeyr, gündəlikdə belə bir məsələ yoxdur. Amma iclas vaxtı İcraiyyə Komitəsi üzvlərindən kimsə belə bir məsələ qaldırsa, baxıla bilər. Komitənin iclası yanvarın 17-ə nəzərdə tutulmuşdu. Amma təcili məsələlər ortaya çıxdığı üçün toplantı təxirə salınıb. İclasın nə vaxt olacağı isə hələ məlum deyil.

- UEFA Avropa klublarında xərclərin gəlirləri keçməməsinin vacibliyinə dair məsələ qaldırıb. Bununla bağlı ölkəmizdə vəziyyət necədir?
- Maliyyə “fair-pley”i ədalətli mübarizəni təmin etmək üçün tətbiq olunur. Hər bir klub UEFA-nın lisenziyalaşdırma tələblərinə cavab verməlidir. Bundan sonra büdcəsi 5 milyon avrodan çox olan klublar nəzarət altında olacaqlar. Hazırda ən tanınmış klubların kredit borcları qazandıqlarından çoxdur. Amma onların transfer imkanları daha böyükdür. Çünki büdcələri də böyükdür və bu səbəbdən, bankdan yüksək məbləğ üçün təminat məktubu ala bilirlər. Bu hal ədalətsizlik yaradır. Ona görə də mən UEFA-nın qərarını düzgün sayıram. Azərbaycanda bu sahədə vəziyyətin necə olduğunu isə açıqlaya bilmərəm. Klublarımız hər il AFFA-da lisenziyalaşdırmadan keçirlər. Onların özləri maliyyə durumu barədə danışa bilərlər. Bu, onların daxili işidir. Biz yalnız öz federasiyamızın gəlir və xərclərini hər il ictimaiyyətə açıqlayırıq.

- Futbolçu transferlərindən ən çox ziyana düşən ölkənin məhz Azərbaycan olduğuna dair mətbuatda yazılanlar nə dərəcədə həqiqətə uyğundur?
- Transfer məsələləri ilə maliyyə “fair-pley”ini qarışdırmaq olmaz. Transferlərdə yerli, yoxsa xarici bazara üstünlük verilməsi klublarımızın hansı strategiyanı müəyyənləşdirməsindən asılıdır. Bəzilərinin heyətində legionerlər çoxluq təşkil edirsə, “Qarabağ”, “Sumqayıt” yerli bazara üstünlük verir. Biz buna qarışa bilmərik. Əlbəttə, onlar da çalışırlar ki, gəlir əldə etsinlər. Klublarımızın transferlərdən ziyana düşmələri isə hardasa təbiidir. Çünki klublarımızdan xaricə transfer olunanlar yox dərəcəsindədir. Əvəzində klublarımız sponsorlardan böyük məbləğdə gəlir əldə edirlər. Komandalarımız tanınmış geyim firmalarının məhsullarından yararlanır. Elə AFFA-nın da əsas gəlirləri sponsorlardan və teleyayım hüququnun satışındandır.

- Fevralın sonlarında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutacaq təlim-məşq toplantısında millimiz Sinqapur, Hindistan və Fələstin kimi FİFA reytinqində xeyli aşağı mövqe tutan yığmalarla yoldaşlıq görüşü keçirəcəyi ilə əlaqədar tənqid olunur. Belə rəqiblər reytinq cədvəlində Azərbaycanın 111-ci pillədən irəli getməsini təmin etmək üçün seçilməyib?
- Xeyr. Bunun FİFA reytinqi ilə heç bir əlaqəsi yoxdur. Bildiyiniz kimi, növbəti rəsmi oyunumuz sentyabrın 7-də Bakıda İsrailə qarşı olacaq. Həmin oyunadək 8 ayımız var. Bu müddətdə gəncləri və bir çox yeni futbolçuları sınaqdan çıxarmaq olar. Sinqapurla fevralın 24-də, Hindistanla fevralın 27-də, Fələstinlə isə fevralın 29-da qarşılaşacağıq. Yəni, fevralın 21-də başlanacaq 8 günlük təlim-məşq toplantısı ərzində 3 yoxlama matçı keçirəcəyik. Belə qısa zaman kəsiyində bu qədər oyunda qüvvəsini sınamaqla futbolçular fiziki hazırlıqlarını artıra və təcrübə toplaya bilərlər. Bu, hər bir mütəxəssisə mesajdır.

- Amma əvvəllər AFFA daha çox güclü rəqiblərlə oynamağa üstünlük verərdi...
- Həmin vaxt jurnalistlər deyirdilər ki, güclü rəqiblərlə oyunda yeni futbolçuları üzə çıxarmaq çətindir. Niyə zəif rəqiblərlə oynamırsınız? Əslində biz hər zaman balansı gözləmişik. Həm güclü, həm də zəiflərlə yoldaşlıq görüşü keçirmişik. Digər tərəfdən, yoldaşlıq görüşləri üçün rəqiblər seçərkən, seçmə mərhələlərdə eyni qrupda yer aldığımız ölkələrlə oyun üslubu və coğrafi cəhətdən yaxınlıqlarına da fikir veririk. Heç kim analiz etmir ki, niyə indiyədək Fələstinlə yoldaşlıq görüşü keçirməyən yığmamız bu komanda ilə oynamağa indi razılıq verdi? Bu, İsrail millisinin heyətində ərəb əsilli futbolçuların çoxluq təşkil etməsi və iki ölkənin oxşar oyun sisteminə malik olması ilə bağlıdır. Zəif rəqiblərlə oynayacağımızı deyirsiniz. Məgər iyunun 5-də qarşılaşacağımız Belarus millisi zəifdir? Bu rəqibi də ona görə seçmişik ki, 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki digər rəqibimiz olan Rusiya ilə yaxındırlar. Eləcə də mayın 30-da üz-üzə gələcəyimiz Andorranın da Lüksemburqla oyun keyfiyyətləri baxımından oxşarlığı var.

Xəbər 1087 dəfə oxundu.