Azərbaycan komandası şahmat üzrə Avropa çempionatında növbəti qələbə qazanıb
İslandiyanın paytaxtında kişi və qadın komandaları arasında şahmat üzrə Avropa çempionatı davam edir.

Çempionatda 35 kişi və 30 qadın komandası, o cümlədən Azərbaycan yığmaları mübarizə aparır.

Azərbaycanın kişilərdən ibarət yığması ikinci turu da qələbə ilə başa vurub. Bu turda şahmatçılarımız Danimarka komandasını 3,5:0,5 hesabı ilə məğlubiyyətə uğradıblar. Şəhriyar Məmmədyarov, Eltac Səfərli və Arkadi Naydiç qələbə qazanıb, Rauf Məmmədov isə rəqibi ilə “sülh” bağlayıb.

İtaliya komandası ilə qarşılaşan Azərbaycanın qadın yığması isə bu turda rəqibə uduzub: 1,5:2,5. Təmsilçilərimizdən yalnız Gülnar Məmmədova keçirdiyi görüşü qələbə ilə başa vura bilib. Xəyalə Abdulla heç-heçə oynayıb, Zeynəb Məmmədyarova və Nərmin Kazımova isə uduzublar.

Xatırladaq ki, Avropanın şahmat üzrə hazırkı çempionu kişilər arasında Azərbaycan, qadınlar arasında isə Ukrayna yığmalarıdır.

Xəbər 774 dəfə oxundu.