Azərbaycanda uşaq şahmatının böyük gələcəyi var
“Gənclik” şahmat klubunun 5 iliyinə həsr edilən XIII uşaq beynəlxalq turnirinin bütün qalibləri müəyyən edilib.

Dünyanın 8 ölkəsindən 40-dan çox iştirakçını bir araya gətirən “A” əsas turnirinin yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə Azərbaycan təmsilçisi Andrey Mustafin qalxıb. Turnirin qalibi 7 mümkün xaldan 6,5-ni toplayıb. Üç şahmatçı hərəyə 5 xal yığıblar. 2-ci yeri əlavə göstəricilərə görə Vüqar Həşimov Memorial Kubokunun sahibi Məhəmməd İsmayılov tutub. Bürünc medala Fərid Mustafayev layiq görülüb, dördüncü yerə isə Altay Eynullayev çıxıb.

Turnirdə Azərbaycan, Rusiya, ABŞ, Hindistan, Gürcüstan, Fransa, Ukrayna və Litvadan olan şahmatçılar iştirak ediblər.

“B” turnirində Azərbaycan, Hindistan və Kanadanın təmsilçiləri iştirak ediblər. Birinci yerə hindistanlı şahmatçı Akxan Handun çıxıb. O, 7 mümkün xaldan 5,5 toplayıb. Azərbaycan təmsilçiləri Elvin Bail 5 xalla gümüş, Teymur Əsgərov isə 4 xalla bürünc medala layiq görülüb.

Bağlanış mərasimində çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Salman Abdulov ölkəmizdə uşaq şahmatı ənənələrindən söhbət açıb, bu cür beynəlxalq turnirlərin Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, həmçinin turnirin təşkilində iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Xəbər 680 dəfə oxundu.