"Xosrov Cəfərov" və "Hövsan" Güləş Klubları finalda
Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında AGF-nin 1 saylı nümayəndəliyi üzrə sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (2002-2004-cü il təvəllüdlü) arasında "Gələcəyin Olimpiyaçıları" komanda yarışları davam edir.

İkinci yarış günündə yunan-Roma güləşi üzrə 10 komanda mübarizə aparıb. "Pirallahı" GK, "Olimp" İK, Göyçay, "Şahin" İK və "Xosrov Cəfərov" GK komandaları A qrupunda, "Bakı" GK, Sumqayıt, "Cəngi" GK, "Hövsan" GK və "Həyat" GK komandaları isə B qrupunda yarışıb.

Qrupda keçirdiyi bütün görüşləri qələbə ilə tamamlayan "Xosrov Cəfərov" və "Hövsan" Güləş Klublarının komandaları yarışların finalına vəsiqə qazanıb. Bürünc medal uğrunda görüşdə Göyçay təmsilçiləri "Cəngi" Güləş Klubunun komandası ilə qarşılaşacaq.

"Olimp" İK komandası Sumqayıt güləşçiləri ilə 5-ci yer uğrunda, "Pirallahı" GK isə "Bakı" GK komandası ilə 7-ci yer uğrunda görüşə çıxacaq. 9-cu yer uğrunda görüşdə isə "Şahin" İK ilə "Həyat" GK komandaları mübarizə aparacaq.

Yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və medallarla, həmçinin pul mükafatı ilə təltif edilir.

Xəbər 681 dəfə oxundu.