Namiq Əliyev: «Apreldə maksimum sayda lisenziya qazanacağıq»
Yazda güləşçilərimizi ciddi sınaq gözləyir. İdman.com.az saytının məlumatına görə, apreldə keçiriləcək olimpiya təsnifat turnirlərində London olimpiadasına lisenziya qazanacaq əksər pəhləvanların adları bəlli olacaq.

Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti Namiq Əliyev dünən təşkil olunmuş brifinqdə «dördilliy»ə vəsiqə şanslarını dəyərləndirib. O deyib ki, ilkin yarışlarda milli komandalarımız bu işin öhdəsindən maksimum gələcəklər:

«Apreldə keçiriləcək turnirlərdə lisenziyaların 80-90 faizini əldə edəcəyimizə tam əminəm. Bizim güclü heyətimiz var. Ötən il zədələr bizi daha çox vəsiqə qazamaza imkan vermədi. Həsən Əliyev və Xetaq Qazyumov sıradan güləşçi deyillər. Onlar dünyada liderlər cərgəsindədirlər.

Onların İstanbulda təşkil olunmuş dünya çempionatında lisenziyalardan kənar qalmaları, sırf zədə ilə əlaqədardır. Ümumiyyətlə, London olimpiadasına hər 3 növdə tam heyətə yollanacağımına əminəm».
Qeyd edək ki, hazırda bahadırlarımızın hesabında 7 (sərbəst güləş – 4; yunan-Roma güləşi – 2; qadın güləşi - 1) lisenziya var.

KAMRAN

Xəbər 982 dəfə oxundu.