Açıq Ölkə çempionatına yekun vurulu
Şabran və Xaçmaz rayonlarında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinin təşkilati dəstəyi ilə keçirilən səmti müəyyən etmə idman növü üzrə növbəti Açıq Ölkə Çempionatına yekun vurulub. İki gün davam edın yarışda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyaları, şirkətlər, idman cəmiyyətləri və ali təhsil müəssisələri daxil olmaqla ümumilikdə 200-dən çox idmançı orta və uzun məsafə üzrə mübarizə aparıb.

Belə ki, Qalaaltı meşə zolağında təşkil edilmiş orta məsafədə K21 kateqoriyasında Latviyalı Delins Kaspars 4,7 km məsafədə yerləşdirilmiş 15 nəzarət məntəqəsində qeyd olunaraq finiş xəttinə birinci çaıb. Türkiyəli idmançı Cevdet Coşkun (AOSK) və Sergey Telegin (DİK) müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Həmin məsafə üzrə Q21 kateqoriyasında (4,0 km – 10 NM) Neftçi klubunun idmançısı, dəflərlə ölkə çempionu Nataliya Əliyeva qızıl medala sahib olub. Qalibdən bir neçə dəqiqə geridə qalan Anna Kamayeva (İrbis İK) gümüş, Verdiyeva Sevda (FHN) isə bürünc medal qazanıblar.

Yeni başlayan idmançılar üçün müəyyən edilmiş open kateqoriyasında kişilər arasında Kənan Tağızadə (AzTU) bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək zirvəsinə yiyələnib. Dağçılıq İdman Klubunun idmançısı Fərid Şahbazov ikinci, Anton Pupov (Climb Club) isə üçüncü olmuşdur. Qadınlar arasında isə open kateqoriyasında Oksana Lyalyakina (DİK) 1,1 km məsafədə finiş xəttinə birinci, Fidan Məmmədova (Climb Club) ikinci, Alla Bağırova (DİK) isə üçüncü çatıblar.

Çempionatın ikinci günündə “Xəzər” turist bazasının meşə zolağında start verilən uzun məsafə üzrə yarışda K21 kateqoriyasında (7,2 km – 13 NM) Delins Kaspars (Latviya) ikinci qızıl medalı qazanmış, Mirzə Hüseynzadə (MES) ikinci, Cevdet Coşkun (AOSK) isə üçüncü olub. Qadınlar arasında uzun məsafədə Nataliya Əliyeva 5,4 km məsafədə yerləşdirilmiş 11 nəzarət məntəqəsində qeyd olunaraq yenə də fəxri kürsünün ən yüksək zirvəsində yer almış, Olqa Maşkova (DİK) və Anna Kamayeva (İrbis İK) isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Uzun məsafədə open kateqoriyasında kişilər arasında Səbuhi Əliyev (Təbiət Dostları) birinci, qalibdən bir neçə saniyə geri qalan Rüstəm İbrahimov (Nizami UYYM) ikinci, Anton Pupov (Climb Club) isə üçüncü olublar. Qadınlar arasında Fidan Məmmədova (Climb Club) 2,2 km məsafədə yerləşdirilmiş 8 nəzarət məntəqəsində qeyd olunaraq bütün rəqiblərini qabaqlayıb. Oksana Lyalyakina (DİK) və Şəms Baratzadə (Nizami UYYM) isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

İki günün nəticəsinə uyğun olaraq isə komanda hesabında Neftçi klubu bütün rəqiblərini geridə qoyaraq yarışın kubokunu qazanıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin komandası ikinci, Dağçılıq İdman Klubu isə üçüncü olublar.

Eləcə də, yarışda fəal iştiraklarına görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları federasiyanın müvafiq diplomları ilə təltif olunublar.

Yarış iştirakçılarını nahar yeməyi və çadırlarla təmin edən Dövlət Sərhəd Xidmətinə və eləcə də digər təşkilati məsələlərdə dəstəyə görə Xüsusi Dövlət Mühafizə Xidmətinə federasiyanın fəxri fərmanları təqdim edilib.

Xəbər 1811 dəfə oxundu.