Rəqib voleybolçu: “Rabitə”yə yenə qalib gəlməyə ümidimiz böyükdür
“Bizim birinci oyunda qalib gəlməyimizdə əsas rolu özümüzə inamımızın olması oynadı. “Rabitə” səddini keçməyə hələ də ümidimiz böyükdür”. İdman.com.az saytının məlumatına görə, bunu Polşanın “Atom” klubunun voleybolçusu Malqorzata Kozuç deyib. O, Avropa Çempionlar Liqasının 1/8 final mərhələsində Bakının “Rabitə” komandası ilə cavab oyunu barədə fikirlərini açıqlayıb. Təcrübəli voleybolçu bildirib ki, əsas məqsədləri ilk matçda olduğu kimi qələbə qazanmaqdır:

“Düzdür, Bakı komandası çox güclüdür. Lakin mən öz oyunumuza diqqət yetirmək istəyirəm. Bizim birliyimiz çətin anlarda köməyimizə gəlir. Bu, vacib məqamdır. Əks halda, qalib gəlmək mümkün olmayacaq. Bakıdakı cavab oyununda biz ilk görüşdə olduğu kimi çıxış etmək fikrindəyik. Ümid edirəm ki, yüksək səviyyəli oyun göstərə biləcəyik”.

Kozuçun sözünə görə, onlar bacardıqca çox mərhələ adlamaq arzusundadırlar: “İstəyimiz mümkün qədər çox irəli getməkdir. Yəqin ki, bu çətin olacaq. Biz hələlik növbəti mərhələyə doğru kiçik bir addım atmışıq. İkinci addımı atmaq üçün Bakıda səylə oynayıb, qələbə qazanmağa çalışacağıq”.
Qeyd edək ki, ilk matçda “Atom”a 1:3 hesabı ilə uduzan “Rabitə” rəqibini fevralın 9-da qəbul edəcək.

Xəbər 998 dəfə oxundu.