Cüdo üzrə Azərbaycan-Rusiya Dostluq Kuboku uğrunda yarış keçirilib
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Tambov vilayət bölməsi və Tambovun Savinkov Xeyriyyə Fondunun dəstəyi ilə şəhərdə cüdo üzrə Dostluq Kuboku uğrunda turnir keçirilib. Kubok uğrunda Gəncə Uşaq Gənclər İdman Məktəbinin və Tambov Təknövçülük Mərkəzinin yetirmələri mübarizə aparıblar.

ÜAK vilayət bölməsinin rəhbəri Rəhim Hüseynovun və Savinkov Fondunun təşəbbüsü ilə yeni tikilmiş və müasir avadanlıqla təchiz edilmiş cüdo-sambo idman zalında keçirilən yarışların açılış mərasimində Tambov şəhərinin rəhbərliyi, Rusiyanın məşhur idmançıları, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tambov şəhər Duması sədrinin müavini Viktor Putintsev, Azərbaycan komandasının məşqçisi, əməkdar məşqçi Ceyhun Bayramov, Tambov vilayəti Cüdo Federasiyasının prezidenti Levan Kulalaqaşvili, tanınmış Azərbaycan və Rusiya cüdoçusu, əməkdar məşqçi Rasim Aağamirov və başqaları çıxış edərək Azərbaycan və Rusiya idmançıları arasında dostluq münasibətlərindən, bu cür idman yarışlarının gənc nəslin tərbiyəsində əhəmiyyətindən danışıblar. Xüsusi vurğulanıb ki, yeni açılan idman zalı Tambov şəhərinin əhalisinə təmənnasız xidmət edəcək, milliyətindən asılı olmayaraq, şəhər gəncləri artıq qaranlıq zirzəmilərdə yerləşən otaqlarda deyil, müasir idman zalında məşq edə biləcəklər.

Dostluq yarışı 5:3 hesabı ilə Tambov idmançılarının qələbəsi ilə başa çatıb. İştirakçılara ÜAK və Savinkov Fondundan hədiyyələri təqdim olunub.

AZƏRTAC

Xəbər 898 dəfə oxundu.