Topaz Premyer Liqası, “Rəvan” cari mövsümdə ilk qələbəsini qazandı
Topaz Premyer Liqasının XII turu “Rəvan” üçün əlamətdar alındı. “Rəvan” səfərdə “Neftçi”ni 3-2 hesabı ilə məğlub edərək, cari mövsümdə ilk qələbəsini qazandı.

Bəhmən Həsənov (“Rəvan”ın baş məşqçisi): “Bu cür hava şəraitində çox sürətli olan rəqibə qarşı ağır oyun keçirdik. “Neftçi”ni təhlil etmişdik, boşluqlarını bilirdik. Oynadıq və cari mövsümdə ilk qələbəmizi qazandıq. Ümidvaram ki, bu qələbə futbolçularda özünəinam yaradacaq və uğurların davamı gələcək. Futbolçulara minnətdaram və mənə inananlara təşəkkür edirəm. Futbolçuların potensialı var. Sadəcə, ardıcıl məğlubiyyətlərdən sonra futbolçuları motivasiya etmək çətindir. Amma həmin durumdan sonra qazanılan qələbənin davamı gəlir. İndiki qələbə şirin gəlsə də, daha çox sevinməyə imkan vermir. Çünki turnir cədvəlindəki mövqeyimiz yaxşı deyil”.

Samir Əliyev (“Neftçi”nin baş məşqçisi): “Adətən, belə məğlubiyyətlərdən sonra nəsə danışmaq çətindir. Fikrimcə, rəqibi yaxşı dəyərləndirə bilmədik, motivasiya aşağı səviyyədə idi. Günahkar mənəm və məsuliyyəti öz üzərimə götürürəm. Müqayisə aparsaq, heyətimiz “Rəvan”dan heç də zəif deyil. “Rəvan” udulası rəqib idi, sadəcə, rəqibi dəyərləndirmədik. Ardıcıl məğlubiyyətlərdən sonra oturub dərindən fikirləşəndə istefa qərarımın üstündə durmadığıma görə içimdə bir peşmanlıq hissi var. Belə oyunla, belə nəticələrlə avrokuboklar bizim üçün xəyal olaraq, qalacaq”.

Xəbər 685 dəfə oxundu.