Fövqəladə Hallar Nazirliyinin qurumları arasında keçirilən çempionatın qalibləri mükafatlandırılıb
Noyabrın 5-6-da Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubu və FHN İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə qurumlar arasında sərbəst güləş üzrə çempionat keçirilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin idman zalında keçirilən yarışda nazirliyin 16 qurumunun 100-dək idmançısı mübarizə aparıb.

Yarış olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun 8 çəki dərəcəsi üzrə keçirilib. Yarışları beynəlxalq dərəcəli hakim Elman İsmayılov və digər hakimlər idarə edib. Gərgin idman şəraitində keçən yarışda Alik Haqverdiyev (57 kq, MMQ), Cəlal Süleymanov (61 kq XRXX), Namiq Sövdümzadə (65 kq, İSK), Tural Umayev (70 kq, XRXX), Elmir Qəmbərov (74 kq, XRXX), Sübhan İsmayılov (86 kq, XRXX), Əsgər Eldarov (97 kq, XRXX), Səbuhi Hümbətov (125 kq, XRXX) birinci olub.

Komanda hesabında isə I yerə Xüsusi Riskli Xilasetmə Xidməti, II yerə Dövlət Yanğından Mühafizə Xidməti, III yerə Mülkü Müdafiə Qoşunlarının komandaları çıxıb.

İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qalibləri təbrik edərək bildirib ki, sərbəst güləş üzrə çempionat 6-ci dəfədir keçirilir və növbəti illərdə davamı gözlənilir.

Sonda Füzuli Musayev və Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qaliblərə medal, kubok, diplom və qiymətli hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, çempionatda qonaq qismində Azərbaycan Güləş Federasiyasının, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri, tanınmış idmançılar iştirak ediblər.

AZƏRTAC

Xəbər 733 dəfə oxundu.