Azərbaycanın qadın güləşçiləri Avropa Millətlər Kubokunda beşinci oldu
Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri start götürüb. Turnirdə hər üç güləş növü üzrə Azərbaycan yığma komandaları mübarizə aparır.

İlk yarış günündə qadın güləşçilər arasında qrup görüşləri keçirilib. Püşkatmanın nəticəsinə Azərbaycanın qadın güləşçiləri Polşa və Rusiya ilə birgə A qrupunda mübarizə aparıb. B qrupunda isə, Ukrayna, Belarus və Türkiyə yığmaları yarışıb. Güləşçilərimiz Polşayla görüşdə 5:3, Rusiyayla görüşdə isə 7:1 hesabı ilə məğlub olub. Bu nəticə ilə qrupda üçüncü yeri tutan qadın güləşçilərimiz digər qrupun üçüncüsü olan Belarusla 5-ci yer uğrunda görüşə çıxıb. 5:3 hesabı ilə qalib gələn komandamız Avropa Millətlər Kubokunu 5-ci sırada tamamlayıb.

Bu yarışda Azərbaycan yığmamız baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında heyətdə Marziget Baqomedova (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq), İrina Netreba (60 kq), Raqnetta Qurbanzadə (63 kq) və Gözəl Zutova (69 kq) yer alıb.

Yarışlar Lujniki Olimpiya Kompleksində, “Drujba” Universal İdman Zalında keçirilir.

Xəbər 674 dəfə oxundu.