“Qədim şəhərdə qədim oyun” adlı şahmat turniri keçirilir
Noyabrın 6-da Dövlət Bayrağı Gününə həsr olunmuş “Qədim şəhərdə qədim oyun” adlı şahmat turnirinə start verilib.

Turnir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi həmkarlar təşkilatlarının təşəbbüsü ilə baş tutub.

Tədbir Azərbaycanını Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu milli dövlət quruculuğu siyasəti nəticəsində vətəndaşlarımızda dövlət rəmzlərinə hörmət hisslərinin aşılanması həmişə diqqət mərkəzində saxlanılır.

Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən üç rəngli bayrağımız ilk dəfə 1990-cı il noyabr ayının 17-də məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın rəsmi bayrağı kimi təsdiq olunub, bir qədər sonra, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının rəsmi bayrağı elan edilib.

Həmçinin qeyd olunub ki, ölkə başçısı İlham Əliyevin 2009-cu il noyabrın 17-də “Dövlət Bayrağı Günü”nün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən, hər il noyabr ayının 9-u ölkəmizdə “Dövlət Bayrağı Günü” kimi qeyd olunur. 2010-cu ilin sentyabrın 1-də Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli sərəncamına uyğun olaraq, Bakıda möhtəşəm Dövlət Bayrağı meydanı inşa olunub istifadəyə verildi və burada Ginnesin rekordlar kitabına düşmüş ən uca dirəkli bayraq dalğalanmaqdadır.

Daha sonra turnirinə start verildi. Turnirdə sözügedən 3 dövlət qurumunu təmsil edən 12 şahmatçı mübarizə aparır.

Qaliblər Kubok, fəxri fərman və pul mükafatları ilə təltif olunacaqlar.

“Qədim şəhərdə qədim oyun” adlı şahmat turnirinin baş hakimi beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadədir.

AZƏRTAC

Xəbər 1108 dəfə oxundu.