Böyük velosport Azərbaycana gəlir
Mayın 10-da Bakıda ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə möhtəşəm veloyürüş start götürəcək. İdman.com.az saytı xəbər verir ki, beş gün davam edəcək yarışda 23 yaşadək peşəkar velosipedçilər mübarizə aparacaqlar. Paytaxta 20 komanda toplaşacaq. Hər kollektivdə 6 idmançı yer alacaq. Yürüş Bakı-Qəbələ-İsmayıllı istiqamətində keçiriləcək, 5 mərhələdən ibarət olacaq. Rəqabətdə London olimpiadasına lisenziya qazanmış idmançımız Yelena Çalax da qüvvəsini sınayacaq.

Sözü gedən tədbirlə bağlı bu gün Vergilər Nazirliyində toplantı təşkil olunub. Kütləvi İnformasiya Vasitələrinin dəvət olunduğu yığıncaqda, Azərbaycan Velosport Federasiyasının vitse-prezidenti Namiq Əliyev və Beynəlxalq Velosport Federasiyasının başçısı Pat Makkueyd iştirak ediblər. Mediya əməkdaşlarına bildirilib ki, adı çəkilən turnir beynəlxalq qurumun təqvim planına salınıb, yarış 2-ci dərəcəyə malidkir. Ölkəmizin bu cür iri miqyaslı tədbiri keçirməkdə hələ təcrübəsinin olmamasından, işin təşkili keçmiş velosipedçi Albreht Rederə tapşırılıb.

Almaniya qonaq deyib ki, ilk mərhələ 603 km məsafəni əhatə edəcək. Yürüş Azadlıq meydanından başlayacaq, Nobel prospekti və Zığ şossesi ilə hərəkət edərək, Azneft dairəsinə səmt alacaq. 12 dövrədən sonra velosipedçilər 1-ci mərhələni Azadlıq meydanında sona vuracaqlar. Növbəti raunda Lökbatandan start veriləcək və yürüşçülər İsmayıllıya qədər 176 km məsafə qət edəcəklər. 3-cü etap Qəbələ-Oğuz-Şəki istiqamətinədir. Əvvəlkindən fərqli, idmançılar bu dəfə düz yolla hərəkət edəcəklər. Sonrakı mərhələ İsmayıllıdan Qəbələyədir. İki yürüşün məsafəsi 114 km-dir. Sonuncu etapda da Bakıdan kənara çıxılmayacaq və velosipedçilər müəyyən olunmuş məsafə üzrə 10 dövrə vuracaqlar.

Albreht Reder onu qeyd edib ki, bu yarış reytinq xarakterlidir və hər mərhələdə fərqlənəcək 3 idmançıya hədiyyə veriləcək. Velosipedçiləri 50 «Volksvagen» markalı maşın izləyəcək. İştirakçılara tibbi nəzarət olacaq, onlarla əlaqə saxlamaq üçün radio tur təşkil ediləcək. Mətbuata yüksək şərait yaradılacaq.
Artıq sözü gedən turnirin dilində saytı da hazırlanıb: www.ha-tour-aze.com. Hələlik mətnlər ingilis dilindədir. Yaxın gələcəkdə Azərbaycan dili bölməsi də işıq üzü görəcək. Yarışın müxtəlif variantlarda loqosu hazırlanıb. İndii onu yalnız seçmək qalır.

Beynəlxalq Velosport Federasiyasının prezidenti deyib ki, o, azərbaycanlı həmkarı Namiq Əliyevlə ilk dəfə ötən il Danimarkada keçirilmiş dünya çempionatında görüşüb. Hətta bir dəfə ölkəmizə səfər edib. Qonaq, bu yarışın gələcəkdə ənənə halını alacağı və ildən-ilə daha yüksək səviyyədə keçiriləcəyinə inamını gizlətməyib: «Velosport, əsasən qərbi və mərkəzi Avropada inkişaf edib. Amma son zamanlar Asiya ölkələri fəallıq göstərirlər. Əminəm ki, bu tərəqqidən Azərbaycan da kənar qalmayacaq».

Azərbaycan Velosport Federasiyasının vitse-prezidenti Namiq Əliyev yekunda onu da vurğulayıb ki, bu yarışı təşkilində dövlətin bütün qurumları bir araya gələcək. Çünki veloyürüş iri miqyaslı bir tədbirdir: «Futbolu ən çox tamaşaçı cəlb edən idman hesab edirlər. Amma Danimarkada dünya çempionatını canlı izləyərkən, gördüm ki, bu, heç də düşündüyümüz kimi deyil. Veloyürüşü izləmək üçün küçələrə 100 minlərlə insan çıxmışdı. Yollar bağlanmışdı. Yəni, belə tədbir böyük miqyaslıdır. Bu, elə də asan görünməsin. Çalışacağıq ki, Azərbaycanda ilk dəfə keçiriləcək beynəlxalq veloyürüşü yüksək səviyyədə təşkil edək».

Kamran HACI

Xəbər 1559 dəfə oxundu.