Dünya birinciliyində uğur qazanan cüdoçularımız mükafatlandırıldı
Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə gənc cüdoçuların dünya birinciliyi keçirilib. Azərbaycan idmançıları bu yarışın 2 medalını qazanıblar.

Hidayət Heydərov və Firudin Dadaşov mundialın bürünc medallarına layiq görülüblər.

Azərbaycan Cüdo Federasiyasında mötəbər yarışda mükafat qazanan cüdoçular, onların şəxsi məşqçi-müəllimləri, milli komandanın məşqçi və texniki heyətinin nümayəndələri ilə görüş keçirilib.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov çıxış edərək, Prezident İlham Əliyevin hər zaman idman və Olimpiya hərəkatının inkişafına xüsusi önəm verdiyini vurğulayıb. O, federasiyanın prezidenti Rövnəq Abdullayevin cüdoçulara göstərdiyi diqqət və qayğını da qeyd edib.

Sonra tədbirdə əməkdar məşqçi Ağayar Axundzadə, milli komandanın məşqçiləri Fərhad Məmmədov, Elçin İsmayılov, uğur qazanan idmançıların şəxsi məşqçi-müəllimləri Tərlan Həsənov, Etibar Bağırov da çıxış edərək onlara göstərilən böyük etimada görə federasiyanın rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Sonda gənclər arasında dünya birinciliyinin mükafatçılarına, onların şəxsi məşqçilərinə, milli komandanın məşqçiləri və texniki heyətinə pul mükafatları təqdim olunub.

Xəbər 782 dəfə oxundu.