Leonardo Jardim: “Qarabağ” çox güclü rəqibdir
“Qarabağ” çox güclü rəqibdir. Sabah komandamız ən yaxşı oyununu göstərməyə çalışacaq. Rəqibin əvvəlki oyunlarını yaxından izləmişik. Çalışacağıq ki, evə yaxşı nəticə ilə qayıdaq.

Bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olacaq “Monako” komandasının baş məşqçisi Leonardo Jardim noyabrın 4-də təşkil olunan mətbuat konfransında deyib.

“Qarabağ”ın mərkəz futbolçularından ehtiyat etdiklərini də xüsusi vurğulayan L.Jardim Bakının Monako kimi gözəl şəhər olduğunu diqqətə çatdırıb.

Fransa təmsilçisinin italiyalı yarımmüdafiəçisi Stefan Əl Şəravi sabahkı oyuna tam hazır olduqlarını vurğulayaraq deyib: “Sabah “Qarabağ” komandası kimi güclü rəqiblə qarşılaşacağıq. Rəqib komanda güclü azarkeş dəstəyi ilə qələbə qazanmağa çalışacaq. Lakin biz də bu oyuna kifayət qədər hazırıq. Şəhərlə tanış olmağa vaxt tapdıq və Bakının gözəlliyinə valeh olduq”, - deyə Əl Şəravi bildirib.

“Qarabağ”-“Monako” matçı noyabrın 5-də saat 22:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Xəbər 677 dəfə oxundu.