Bu gün Çempionlar Liqasında dördüncü tura yekun vurulacaq
Bu gün futbol üzrə Çempionlar Liqasının dördüncü turuna yekun vurulacaq.

E, F, G və H qruplarında ümumilikdə 8 oyun keçiriləcək.

E qrupunda lider “Barselona” “BATE”ni qəbul edəcək. Kataloniyalılar Belarus təmsilçisini məğlub edərlərsə, növbəti mərhələyə vəsiqə qazanacaqlar. Sonuncu pillədə qərarlaşan “Roma” isə “Bayer”lə (Almaniya) qarşılaşacaq. “Canavarlar” bu dəfə də büdrəsə, ikincilik ümidindən vaz keçməli olacaqlar.

F qrupunun lideri Münhenin “Bavariya” klubu “Alyans Arena”da İngiltərə “Arsenal”ını qəbul edəcək. Münhen təmsilçisi ötən tur “topçular”dan aldığı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Almanlar qələbə qazanacağı təqdirdə, qrupda liderliyini möhkəmləndirəcək. Londonlular isə növbəti mərhələ şanslarını saxlamaq üçün səfərdən mütləq qələbə ilə dönməlidirlər. Qrupun paralel oyununda Yunanıstanın “Olimpiakos” və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandaları üz-üzə gələcək.

G qrupunda vəziyyəti heç də yaxşı olmayan İngiltərə “Çelsi”si Ukrayna “Dinamo”sunu qəbul edəcək. Joze Mourinyonun rəhbərlik etdiyi komanda qələbə qazanarsa, 1/16 final mərhələ şanslarını saxlayacaq. Məğlubiyyət isə “zadəganlar”ın mövqeyini qəlizləşdirəcək. Digər oyunda qrupda bir top belə vurmayan İsrailin “Makkabi” komandası evdə lider “Portu”nu (Portuqaliya) qonaq edəcək. Portuqallar qalib gələcəyi təqdirdə 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirmiş olacaqlar.

Həmçinin H qrupunun aşkar liderləri olan “Zenit” və “Valensiya” da münasibətlərinə aydınlıq gətirəcəklər. Autsayderlər - “Lion” və “Gent” isə üçüncülük üçün oynayacaqlar.

Xəbər 631 dəfə oxundu.