Bakıda keçiriləcək "Formula 1"lə bağlı seminar təşkil olunub
Noyabrın 4-də “Marriott Absheron Baku” mehmanxanasında gələn il Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarına həsr olunmuş seminar keçirilib.

“Formula-1”in tarixindən danışan “Bakı Şəhər Halqası” şirkətinin marketinq və kommunikasiya departamentinin direktoru Nigar Arpadarai idmanın bu növünə ev sahibliyi edən ölkələr haqqında məlumat verib.

Bildirilib ki, “Formula-1” yarışlarına 1950-ci ildən start verilib. Bu yarışlar futbol üzrə dünya çempionatı və Yay Olimpiya Oyunlarından sonra tamaşaçı baxımına görə üçüncü yerdədir. Qran-pri yarışlarını dünyanın 187 ölkəsində 500 milyondan çox insan seyr edir. “Formula-1” yarışları daimi və şəhər treklərində təşkil olunur. Bakıda bu mötəbər yarış şəhər trekində keçiriləcək. Məhz Sinqapur, Monako və Melbrunda da yarış şəhər mərkəzində təşkil edilir.

Nigar Arpadarai Avropa Qran-prisinin ölkəmiz üçün faydalarından danışaraq bildirib ki, yarış Azərbaycanın turizm sektorunda canlanmaya səbəb olacaq: “Dünyanın bir çox ölkələrindən turistlərin gələcəyi gözlənilir. “Formula-1” azarkeşləri üçün Bakı Qran-prisi çox maraqlı olacaq”.

Yarışla bağlı tikinti işlərinə gələn il start veriləcəyini diqqətə çatdıran Nigar Arpadarai Bakı yollarının digərlərindən fərqləndiyini də bildirib.

Sonra “Formula-1” yarışlarının mərhələləri, akkreditasiya qaydaları haqqında məlumat verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər 689 dəfə oxundu.