UEFA Çempionlar Liqasının qrup mərhələsində dördüncü turun oyunlarına start veriləcək
Oktyabrın 3-də futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının qrup mərhələsində dördüncü turunun oyunlarına start veriləcək.

Turun birinci günündə “A”, “B”, “C” və “D” qruplarında səkkiz qarşılaşma oynanılacaq. “A” qrupunda liderlər “Real” və “PSJ” qarşılaşacaqlar. Hər iki komandanın aktivində 7 xal olduğundan bu qarşılaşma liderin müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb edir. “Şaxtyor” İsveçdə məğlub olduğu “Malmö”dən revanş almağa çalışacaq. Əgər “Şaxtyor” qələbə qazanarsa “Real” – “PSJ” görüşünün qalibi səkkizdəbir finala vəsiqəni təmin edəcək.

“B” qrupunun birincisi “Volfsburq” (Almaniya) üç xalla sonuncu sırada qərarlaşmış “PSV” (Hollandiya) kollektivinin qonağı olacaq. Hesabında dörd xal olan “Mançester Yunayted” (İngiltərə) “Old Trafford”da eyni xala sahib olan “MOİK”i (Moskva) qəbul edəcək.

“C” qrupunda liderlə sonuncu pillədəki komandalar qarşılaşacaqlar. “Atletiko Madrid” səfərdə “Astana” (Qazaxıstan) ilə görüşəcək. Qrup üçüncüsü “Qalatasaray” komandası isə İstanbulda məğlub etdiyi “Benfika” (Portuqaliya) ilə səfərdə üzə-üzə gələcək.

“D” qrupunda ilk sırada yer alan “Yuventus” (İtaliya) komandası Münhenqladbaxın “Borussiya” komandası ilə cavab görüşünə çıxacaq. “Mançester Siti” (İngiltərə) isə İspaniyada “Sevilya” ilə münasibətlərə aydınlıq gətirəcək. “Yuventus” və “Mançester Siti” qalib gələcəkləri təqdirdə növbəti mərhələyə vəsiqəni təmin edəcəklər.

“Astana”-“Atletiko Madrid” oyunundan başqa bütün görüşlər saat 23:45-də başlayacaq. Qazaxıstandakı matça saat 19:00-da start veriləcək.

Xəbər 646 dəfə oxundu.