“Mersedes”in pilotu Niko Rosberq Meksika Qran-prisinin qalibi olub
“Formula-1” yarışlarının 17-ci – Meksika Qran-prisinə yekun vurulub.

Nötəbər turnirin Mexikodakı “Rodriqes qardaşları” avtodromunda keçirilən mərhələsində hər biri iki pilotla təmsil olunan 10 komanda mübarizə aparıb. İyirmi üç ildən sonra “Formula-1” üzrə Qran-pri yarışlarına ev sahibliyi edən Meksikada uzunluğu 4304 metr olan trasda 71 turda keçirilən turnirin qalibi adını “Mersedes”in pilotu Niko Rosberq qazanıb.

Artıq Soçi Qran-prisində “Mercedes” konstruktorlar kubokunu, ABŞ mərhələsində isə britaniyalı pilot Luis Hamilton üçüncü dəfə dünya çempionluğunu təmin edib. Buna görə də Meksika Qran-prisində ikinci yer uğrunda almaniyalı pilotlar Sebastian Vettel (“Ferrari”) və Niko Rosberq (“Mercedes”) arasında gərgin mübarizə gözlənilirdi. Meksika Qran-prisində “Mersedes”in britaniyalı pilotu Luis Hamilton ikinci, “Uilyams”ın üzvü Valteri Bottas üçüncü olub.

Builki çempionatın qalibi olan “Mercedes” komandasının britaniyalı pilotu Luis Hamilton ötən mərhələdə 327 xalla qələbəsini bayram edib. Hazırda onun aktivində 345 xal var. O, 16 mərhələnin 10-da qalib gəlib. L.Hamilton Avstraliya, Çin, Bəhreyn, Kanada, Böyük Britaniya, Belçika, İtaliya, Yaponiya, Rusiya və ABŞ-da keçirilən yarışlarda qələbə qazanıb.

“Formula-1” yarışları il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.

1950-ci ildə keçirilən ilk yarışda “Alfa Romeo” komandası və onun italiyalı pilotu Cüzeppe Farina qələbə qazanıb. Sonuncu mövsümdə (2014-cü il) çempion “Mercedes” komandası ilə britaniyalı pilot Luis Hamilton olub. Ən çox çempion adını “Ferrari” komandasının əfsanəvi alman pilotu Mihael Şumaxer qazanıb. O, 7 dəfə bu titulun sahibi olub.

“Formula-1” yarışlarının Bakı Qran-prisi gələn il iyunun 19-da keçiriləcək.

Xəbər 560 dəfə oxundu.